“Mediada gender həssas yanaşma: Jurnalistlər üçün praktiki alətlər” mövzusunda seminar
-(1)-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Jurnalistika Fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Mediada gender həssas yanaşma: Jurnalistlər üçün praktiki alətlər” mövzusunda seminar keçirilib.
Jurnalist Mədinə İlhamın mentorluğu ilə keçirilən seminarda fakültə tələbələri mediada gender bərabərliyinin təşviqi, gender stereotiplərinin qarşısının alınması, eləcə də jurnalistlərin gündəlik fəaliyyətində tətbiq edə biləcəyi praktiki alətlər barədə məlumatlandırılıblar. Seminar zamanı mediada gender həssas dilin istifadəsi, xəbərlərin hazırlanmasında balansın qorunması, mənbə seçimi, vizual materiallarda gender təsvirləri və etik prinsiplər ətrafında geniş müzakirələr aparılıb. Jurnalist Mədinə İlham real media nümunələri üzərindən təhlillər apararaq, iştirakçılara praktik yanaşmalar, peşəkar tövsiyələr və beynəlxalq təcrübəyə əsaslanan alətlər təqdim edib.
İnteraktiv formatda təşkil olunan seminar iştirakçıların aktiv iştirakı və fikir mübadiləsi ilə yadda qalıb. Tədbirdə vurğulanıb ki, gender həssas yanaşma yalnız sosial məsuliyyət deyil, eyni zamanda peşəkar jurnalistikanın ayrılmaz tərkib hissəsidir.