“MediaPulse” təcrübə proqramının qonağı tanınmış aparıcı Rafiq Həşimov olub

Bakı Dövlət Universitetinin (BDU) “BDU Könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatıçılığı ilə “MediaPulse” təcrübə proqramının növbəti qonağı Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist, rejissor, əməkdar artist Rafiq Həşimov olub.
Görüşü giriş sözü ilə fakültənin dekan müavini Samir Xalidoğlu açaraq layihənin tələbələrin peşəkar inkişafına verdiyi töhfədən danışıb, bu cür görüşlərin gənclərin gələcək peşə seçimində və media mühitini yaxından tanımasında mühüm rol oynadığını vurğulayıb.
Daha sonra söz tədbirin qonağı Rafiq Həşimova verilib. Uzun illər televiziya sahəsində fəaliyyət göstərən tanınmış aparıcı və diktor media fəaliyyətinə başladığı ilk illərdən, efir mədəniyyətindən, televiziya jurnalistikasının incəliklərindən danışıb.
O, televiziya sahəsində qazandığı təcrübələri tələbələrlə bölüşərək, jurnalistika ixtisası üzrə təhsil alan gənclərə öz üzərlərində davamlı çalışmaları, gündəmi izləmələri və nitq üzərində xüsusi diqqətlə işləmələri barədə tövsiyələr verib.
Görüş zamanı televiziya sahəsində baş verən yeniliklər, müasir medianın çağırışları, sosial medianın ənənəvi KİV-lərə təsiri və peşəkar jurnalistikanın cəmiyyətdəki rolu ətrafında fikir mübadiləsi aparılıb.
İnteraktiv şəkildə keçən görüşdə tələbələrin çoxsaylı sualları cavablandırılıb.