“Media könüllüləri - 145” üzvlərinin ilk onlayn görüşü olub
İyulun 18-də “Media könüllüləri - 145” üzvlərinin ilk onlayn görüşü olub. Görüş zamanı ilkin olaraq Tovuzda şəhid olan qəhrəmanlarımız yad edilib.
Layihənin Bakı Dövlət Universiteti (BDU) üzrə kuratoru, Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu gündəlikdə duran məsələlər barədə məlumat verib. O, layihədə əsas məqsədin tələbə-könüllülərin bilik-bacarıqlarını artırmaq, gələcəyin peşəkar jurnalistlərini hazırlamaq olduğunu diqqətə çatdırıb, informasiya cəbhəsində jurnalistlərin rolunu vurğulayıb. Onlayn görüşdə Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı həyata keçirilməsi planlaşdırılan işlərdən, layihələrdən danışıb, tələbələri fəal olmağa çağırıb. E.Eyvazlı Azərbaycanın ən böyük media platformasının “Media könüllüləri” üçün gözəl perspektivlər yaradacağına əminliyini ifadə edib.
Daha sonra PJB sədri əlavə edib ki, tələbələr çalışmaq istədikləri istiqamət üzrə qruplaşdırıldıqdan sonra onlar üçün xüsusi seminarlar təşkil olunacaq, yerli media qurumları ilə yanaşı xaricdə də təcrübə keçmək, təhsilini davam etdirmək və s. məsələlərdə onlara hər cür şərait yaradılacaq. Layihənin ideya müəllifi, ASAN Radionun baş redaktoru İlkin Kərimov “Media könüllüləri” barədə qısa məlumat verib. O, müasir dövrdə jurnalistikada ixtisaslaşmanın, ayrı-ayrı sahələr üzrə peşəkar kadrların hazırlanmasının vacibliyini vurğulayıb. Bunun üçün də indidən hər bir tələbə-jurnalistin öz istiqamətini seçməsinin zəruriliyini qeyd edib.
Könüllülərin təlim-təcrübə proqramına qoşulacağını, beynəlxalq və yerli tədbirlərə qatılmaq imkanı yaradılacağını deyən layihə müəllifi bu proqramın Azərbaycanda başladılan könüllülük hərəkatına töhfə verəcəyini, sonda sertifikatlar təqdim olunacağını bildirib. Daha sonra onlayn tədbirə qatılan tələbə-könüllülərin layihə ilə bağlı sualları cavablandırılıb, onların maraqlı fikir və təklifləri dinlənilib. Tələbələrdən Aysel Məhərrəmova, Nuray Vəliyeva, İlqar Musayev, Ruslan Abbasov, Mehin Vəliyeva, Aysel İbrahimova və digərləri maraqlı təkliflərlə çıxış ediblər. PJB-nin sədri E.Eyvazlı tələbə-könüllüləri əmin edib ki, səsləndirilən hər bir təklif təşkilatçılar tərəfindən dəyərləndiriləcəkdir. O həmçinin bildirib ki, fəallığı ilə seçilən 10 tələbənin xaricdə təhsillərini davam etdirmələri üçün əməli işlər görüləcək. Maraqlı diskussiya şəraitində keçən onlayn görüşün sonunda bir sıra qərarlar qəbul edilib. Bu tip görüşlərin mütəmadi olaraq təşkil olunması, "Media könüllüləri" layihəsinin sosial şəbəkə hesablarında səhifələrinin yaradılması qərara alınıb.
Milli Mətbuatın yaranmasının 145 illiyi ilə bağlı Parlament Jurnalistlər Birliyinin keçirdiyi silsilə tədbirlər çərçivəsində “Media könüllüləri -145” layihəsinin icrasına başlanılıb. Layihə Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi çərçivəsində həyata keçirilir. “Media könüllüləri -145” in iştirakçıları, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin 145 nəfər tələbəsindən ibarətdir. Burada məqsəd həm də Azərbaycanda könüllülük hərəkatına dəstək vermək, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə qoşulmaq, ictimai-siyasi həyatda aktiv xidmət və təbliğat aparmaq, tələbələrin jurnalistika sahəsində bilik və bacarıqlarını artırmaqdır.