“Media etikası - jurnalist peşəkarlığının əsas prinsipidir” adlı onlayn konfrans
12 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində “Media etikası - jurnalist peşəkarlığının əsas prinsipidir” mövzusunda Zoom platforması üzərindən onlayn konfrans keçirilib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov konfransın Azərbaycanın bütün media subyektlərini əhatə etdiyini, o cümlədən region mediasının da prosesə cəlb olunduğunu bildirib. O qeyd edib ki, doğru, obyektiv informasiyanın yayılması ilə bağlı monitorinqlər medianın bu istiqamətdə bir çox irəliləyişlər əldə etdiyini göstərir. Əhməd İsmayılov vurğulayıb ki, düzgün informasiya vermək jurnalistin özünün və çalışdığı medianın nüfuzunu qaldırır və daha etibarlı sayılır. Bu isə onun gələcəkdə biznes inkişafı baxımdan da kömək ola bilər.
Konfransda çıxış edən Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov diqqətə çatdırıb ki, media etikası - jurnalist peşəkarlığının əsas prinsipi olmalıdır, jurnalist peşəsinə sadiq olmalı, təqdim etdiyi faktlar təhrif edilməməlidir.
Sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Beynəlxalq jurnalistikada peşə etikası” mövzusunda təqdimatla çıxış edib. Vüqar Zifəroğlu deyib ki, jurnalist heç zaman öz hüquq və vəzifələrindən sui-istifadəyə üstünlük verməməlidir. O bildirib ki, jurnalistlər bir sıra vacib norma və prinsiplərə əməl etməlidirlər. Vüqar Zifəroğlu qeyd edib ki, informasiya mübarizəsində düşmən bizə qarşı müxtəlif üsullardan, vasitələrdən, əsas etibarilə fake xəbərlərdən istifadə edirlər.
Vüqar Zifəroğlu onu da deyib ki, jurnalistlər peşə etikası ilə yanaşı xidməti etika münasibətlərinə də diqqət etməlidir: "Bura jurnalistin həmkarı ilə münasibəti, jurnalist baş redaktor münasibətləri aiddir". Vüqar Zİfəroğlu onu da diqqətə çatdırıb ki, jurnalist bəzən hökm verən funksiyasını yerinə yetirməyə çalışır ki, bu da yolverilməzdir. Çünki jurnalist tərəfsiz olmalıdır. Çox təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsi dövründə bir sıra Avropa təsisatları, qurumlarında bu prinsip və peşə etikası normlarına əməl olunmalıdır. Həmin dövrdə bir sıra beynəlxalq media quruluşlarında bu qaydaların kobud şəkildə pozulduğunun şahidinə çevrildik".
MTRŞ-nin Aparat rəhbəri Fazil Novruzov jurnalistlərin qarşılıqlı etik davranış qaydalarına riayət etməsinin vacibliyini vurğulayıb. MEDİA Agentliyinin media savadlılığı sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub.
“Kür” qəzetinin baş redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı media etikasının- milli mənəvi dəyərlərin tərkib hissəsi olduğunu deyib.
MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədli bildirib ki, cəmiyyət qarşısında məsuliyyət daşıyan jurnalist işinə hörmətlə yanaşmalı, təmsil etdiyi orqanı təhlükə qarşısında qoymamalı, etik normaları gözləməlidir.
Onlayn konfrans geniş müzakirələrlə davam edib, bir sıra təkliflər dinlənilib.