MEDİA-da jurnalistlər üçün təlimlər davam edir
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzuları üzrə təşkil olunan təlimlər davam edir.Təlimlərdə peşəkar jurnalistlər, o cümlədən BDU Jurnalistika fakültəsinin tələbələri də iştirak ediblər.
5 oktyabr 2021-ci il tarixində baş tutan təlimdə jurnalistlərə həyat və sağlamlıq üçün təhlükəli xəsarət növləri, hərbi münaqişə zamanı şəxslərə dəyən xəsarət riskinin qiymətləndirilməsi və tibbi müdaxilənin edilməsi barədə məlumat verilib.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən media nümayəndələrinin təhlükəli hadisələrlə bağlı maarifləndirilməsi, onların tibbi və psixoloji hazırlıq səviyyəsinin artırılması məqsədləri ilə Bakı Dövlət Universitetində təşkil edilən təlimin təcrübi hissəsində mina partlayışı nəticəsində xəsarət almış şəxsə ilkin tibbi yardımın göstərilməsi ilə bağlı praktik vərdişlər nümayiş etdirilib.