Dissertasiya işlərinin müdafiəsi yekunlaşıb
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində magistratura səviyyəsi üzrə dissertasiya işlərinin müdafiəsi yekunlaşıb. Müdafiələr 060204 - Jurnalistika ixtisası, altı ixtisaslaşma - Radiotelejurnalistika, Radio və televiziya yayım menecmenti, Media və kommunikasiya sistemləri, Beynəlxalq jurnalistika, Publisistik jurnalistika, Jurnalistikanın nəzəriyyəsi üzrə keçirilib. Ayrı-ayrı ixtisaslaşmalar üzrə Dissertasiyaların iki Müdafiə Komissiyası 3 gün ərzində fəaliyyətini davam etdirib. Bildirək ki, Müdafiə Komissiyasının sədrləri Respublikanın nüfuzlu jurnalistlərindən olan Azərbaycan televiziyası və radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov olublar.
Üç gün davam edən müdafiədə 16 nəfər magistrant çıxış edib. Müdafiə edənlər sırasında Beynəlxalq jurnalistika ixtisaslaşması üzrə təhsil alan iki əcnəbi (ÇXR vətəndaşları) magistrantlar da yer alıb. İddiaçılar araşdırmalarının aktuallığından, elmi yeniliyindən, nəzəri və təcrübi əhəmiyyətindən, aprobosiyasından danışaraq, fəsillər və yarımfəsillər haqqında geniş məlumat verib, əldə etdikləri nəticələri qeyd ediblər.
Sonda Şura üzvlərindən Vüqar Əliyev, Cahangir Məmmədli, Qulu Məhərrəmli, Həmid Vəliyev, Nəsiman Yaqublu və Sevinc Əliyeva çıxış edərək müdafiə edən magistrantlara gələcək elmi fəaliyyətlərində müvəffəqiyyət arzulayaraq dissertasiya işlərini müsbət qiymətləndiriblər.