"Kaş ki, bu gözəl günləri görəydi, o, bu günləri həyatının ən xoşbəxt günləri hesab edərdi...”
“Torpaqlarımızın işğaldan azad edilməsi və Şuşa bəyannaməsinin imzalanması onun arzu etdiyi məqamlar idi…”
“Mənə elə gəlir ki, ustadımızın həm Qarabağın azad edilməsini, həm də Şuşa Bəyannaməsini gördüyü günlər bəlkə də onun həyatının ən xoşbəxt günləri olardı”
Bunu Moderator.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, tarixçi alim Şirməmməd Hüseynov haqqında danışarkən deyib. V. Zifəroğlu Ş.Hüseynovun həmişə Türkiyə-Azərbaycan münasibətlərinə önəm verdiyini bildirib: “Mənə elə gəlir ki, ustadımızın həm Qarabağın azad edilməsini, həm də Şuşa Bəyannaməsini gördüyü günlər bəlkə də onun həyatının ən xoşbəxt günləri olardı. Yəni o, özünü həmin günlərdə ən xoşbəxt insan hesab edərdi. Şirməmməd müəllim milli baxışları olan və hər zaman da o prinsiplərə sadiq qalmış, yolundan əsla və əsla vaz keçməyən bir dəyər idi. Bütün bunlara onun yaradıcılığında və həyat yolunda şahid olmuşuq. Şirməmməd müəllim əsla bu dəyərlərindən vaz keçmədi. Onun üçün ən böyük, ən əsas amil məhz dövlətçilik və milli təfəkkür, ümumiyyətlə, dövlətimizin, millətimizin keçmiş olduğu tarixi inkişaf yolu və eyni zamanda, o dəyərlərin qorunması və nəsildən-nəsilə ötürülməsi məsələsi idi. Bütün bunlar onun məqalələrində də var. Şirməmməd müəllim hər zaman Azərbaycan-Türkiyə qardaşlığına, münasibətlərinə olduqca böyük önəm verirdi. Şirməmməd müəllim Türkiyəni sözün həqiqi mənasında çox sevirdi. Eyni zamanda, o, Qarabağımıza bağlı insan idi. Hətta Qarabağ hadisələri başladığı zaman 80-ci illərin sonlarında Şirməmməd müəllim öndə, xalqın içində olan ziyalılarımızdan idi. Mənə elə gəlir ki, torpaqlarımızın işğaldan azad edilməsi və Şuşa Bəyannaməsinin imzalanması Şirməmməd müəllimin sözün əsl mənasında bir ziyalı, vətənpərvər, dövlətinə, millətinə bağlı olan bir şəxsiyyət kimi arzu etdiyi məqamlar idi. Kaş ki, o bu gözəl günləri görəydi, şahidi olaydı. Mən inanıram və bir daha təkrar edirəm ki, o, bu günləri həyatının ən xoşbəxt günləri hesab edərdi”.
Qeyd edək ki, bu gün Şirməmməd Hüseynovun anım günüdür.