Jurnalstika fakültəsində elmi seminar
Jurnalistika fakültəsində keçirilən elmi seminarda Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dissertantı Vüsalə Şiraslan qızı Abbasovanın “Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin hazırladığı «Media haqqında» Qanun layihəsinin ictimai müzakirəsi və Milli Məclisdə qəbulu prosesi” mövzusunda məruzəsi dinlənilib.
Seminarda fakültənin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Jurnalistika ETL-in müdiri Aytəkin Zeynalova və müəllimlər iştirak ediblər.
Dissertant mövzu ilə bağlı bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra Milli Məclisin formalaşması ilə 1992-ci ildə ilk qəbul olunan qanun «Kütləvi informasiya vasitələri haqqında» olub. Lakin jurnalistika – media elə bir fəaliyyət sahəsidir ki, bu sahədə çox tez-tez dəyişikliklər olur, elektron informasiya vasitələri – teleradio, internet portalları və s. kimi yeni media sistemi bu qanunda öz əksini tapmayıb. Ona görə də Azərbaycan Prezidentinin xüsusi Fərmanı ilə yaradılan Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin hazırladığı «Media haqqında» Qanun yeni medianın bütün sahələrini əhatə edir.
Dissertant Qanun layihəsinin müzakirəsi prosesi barədə ətraflı məlumat verib, iştirakçıların ünvanladığı sualları cavablandırıb.