Jurnalistika fakültəsinin tələbəsi Südabə Məmmədovanın kitab təqdimatı keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin lll kurs tələbəsi Südabə Məmmədovanın “Debüt” kitabının təqdimat mərasimi keçirilib.
Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev Jurnalistika fakültəsində tələbələrin elmi, publisistik yaradıcılıqla yanaşı bədii yaradıcılıqda da özlərini daha çox ifadə etdiklərini deyib. Bildirib ki, tələbəlik dövründən etibarən praktik fəaliyyətin başladığı jurnalistikada professor-müəllim heyəti təhsilalanlara daim dəstək olur: “Tələbələrin kitablarının çapı fakültəmizdə artıq ənənəyə çevrilib. Bu həm də müəllimlərimizin uğurudur”.
BDU-nun Mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli yarım əsr yaşı olan Jurnalistika fakültəsinin hər dövrdə belə uğurlu tələbələri ilə fəxr etdiyini və yeni bir dövrün başlanğıcında olan Azərbaycanın belə gənclərə ehtiyac duyduğunu qeyd edib: “Çünki gələcəyimiz gənclərimizdən asılıdır”.
Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu, “Xəzan” jurnalının baş redaktoru Əli Azəri, Milli mətbuat tarixi kafedrasının dosentləri- Qərənfil Quliyeva, Aygün Əzimova, müəllimi Mahir Qəribov, fakültənin məzunu Əsgər İsmayılova tələbəyə yaradıcılıq uğurları arzu ediblər və fakültənin belə yetirmələrinin ilbəil artacağına inanclarını ifadə ediblər.
Sonda kitabın müəllifi Südabə Məmmədova dəstəyə görə fakültəyə təşəkkürünü bildirib və kitab barəsində məlumat verib.