Jurnalistika fakültəsinin tələbələri teatr tamaşasını izləyiblər
-lg.jpg)
Bakı Dövlət Universtetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri Azərbaycan Dövlət İqtisad Universteti (UNEC) İqtisadiyyat və İdarəetmə fakültəsi ilə əməkdaşlıq çərçivəsində “10 mart – Milli Teatr Gününə” həsr olunmuş görüş keçiriblər.
Tədbir çərçivəsində tələbələr Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni-məşhur" əsərinin motivləri əsasında hazırlanmış "Müsyö Jordanın Qarabağ sərgüzəştləri" komediyasını izləyiblər.
Fuad Cavadzadənin rejissorluğu ilə təqdim olunan tamaşa XIX əsr Azərbaycanında elmlə mövhumatın, Avropa rasionallığı ilə Şərq sadəlövhlüyünün toqquşmasını canlı şəkildə əks etdirir. Tələbələr Müsyö Jordanın elmi dünyagörüşü ilə Dərviş Məstəli şahın
fırıldaqçılığı arasındakı ziddiyyəti səhnədə maraqla izləyiblər. Tamaşadakı milli geyimlər, ənənəvi musiqilər və xalqımıza xas qonaqpərvərlik motivləri isə qədim Qarabağ mühitinin rəngarəngliyini gənclərə dolğun şəkildə çatdırıb.
Tələbələrin birgə iştirak etdiyi bu görüş həm mədəni, həm də sosial baxımdan yaddaqalan olub. Fərqli universitetlərdən olan gənclərin bir araya gəlməsi yeni dostluqların yaranmasına və tələbələr arasında fikir mübadiləsinin aparılmasına şərait yaradıb. Bu kimi tədbirlər incəsənətə marağı artırmaqla yanaşı, universitetlərarası əməkdaşlığın inkişafına mühüm töhfə verir. Sonda tələbələr belə təşəbbüslərin davamlı olmasını arzuladıqlarını bildiriblər.