Jurnalistika fakültəsinin tələbələri muzey ekskursiyasında

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin JK-040R qrupunun tələbələri tarix müəllimi Rəna Qasımovanın rəhbərliyi ilə görkəmli neft sənayeçisi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin sarayında yerləşən Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Ziyarət zamanı tələbələr muzeyin müxtəlif zallarını gəzərək Azərbaycanın qədim və orta əsr dövrlərinə aid nadir eksponatlarla tanış olublar. Qədim artefaktlar, sikkələr, geyimlər, zinət əşyaları və məişət əşyaları tələbələrdə dərin maraq və heyranlıq doğurub.
Tələbələrin sözlərinə görə, muzey zalları sanki əsrlər boyu uzanan bir səyahət təəssüratı yaradıb. Hər eksponat Azərbaycanın zəngin tarixi, mədəni irsi və xalqın yaradıcılıq ruhunu əks etdirib.
Ziyarət iştirakçıları muzeydən qürur və ilham hissi ilə ayrılıblar. Onların fikrincə, bu səfər tarix dərslərində öyrəndikləri bilikləri praktik şəkildə daha dərindən mənimsəmələrinə imkan yaradıb.