Jurnalistika fakültəsinin qazi məzunu ilə görüş keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Vətən müharibəsi qazisi, fakültənin məzunu Daşqın Əziz ilə tələbələrin görüşü baş tutub.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Samir Mirzəyev Şanlı ordumuzun sıralarında fakültənin tələbə və məzunlarının da olmasından qürur hissi keçirdiyini diqqətə çatdırıb. O, 2012-2016-cı illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil alan Daşqın Əziz ilə bağlı tədbir iştirakçılarını məlumatlandıraraq, onun döyüşlərdə göstərdiyi igidlik və şücaətindən bəhs edib.
Fakültənin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən aparılan 44 günlük müharibənin uğurlu nəticələrindən bəhs edərək, belə bir tarixi zəfərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin iştirakını və qazi olaraq sağ-salamat evlərinə qayıtmalarının qürurverici hadisə olduğunu vurğulayıb.
Daha sonra söz Vətən müharibəsi qazisi Daşqın Əzizə verilib. O, sentyabr ayının 29-da ordu sıralarına qatıldığını, Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərində müdafiə və mühafizədə olduqdan sonra 6 noyabr tarixində Şuşa istiqamətində döyüşlərdə iştirak etdiyini diqqətə çatdırıb. Böyük qürur və fəxarət hissi ilə Daşaltı-Şuşa-Xankəndi yolu istiqamətində vuruşduğunu, Şuşa-Xankəndi yolunda gedən şiddətli döyüşlərdə güllə yarası alaraq təxliyyə edildiyini bildirib. Qazi 44 günlük müharibə dönəmində arxa cəbhədə jurnalistlərin, xüsusilə fakültənin tələbələrinin əməyini yüksək qiymətləndirib, eyni zamanda həm hərbi, həm də informasiya savaşında qalib ölkə olaraq qələbə qazandığımızı bir daha vurğulayıb.
Daşqın Əziz iştirak etdiyi döyüşlərdə göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Tədbirin sonunda Qarabağ qazisi tələbələrin çoxsaylı suallarını cavablandırıb.