Jurnalistika fakültəsinin əməkdaşları Respublika konfransında məruzə ediblər
19 may 2021-ci il tarixdə Bakı Avrasiya Universitetində Azərbaycan dövlətçiliyinin bərpasına və müstəqilliyin ildönümünə həsr olunmuş “Tarixi təcrübə, dövlətçiliyin siyasi, iqtisadi, sosial-mədəni inkişafının əsas meyilləri və perspektivləri” adlı Respublika konfransı keçirilib.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Pərvanə İbrahimova “Media savadlılığının tədrisinin aktuallığı dünya təcrübəsində” mövzusunda məruzə edərək media savadlılığının məqsədi, əhəmiyyəti, bacarıqları və qazancları haqqında danışıb, Media Savadlılıq Mərkəzinin beş əsas konsepsiyasından bəhs edib və dünya təcrübəsindən nümunələr gətirərək konkret təkliflər səsləndirib.
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosent əvəzi Vəfa İsgəndərova “Media savadlılığı tədrisi Azərbaycan təhsil siyasəti sferasında” adlı məruzəsində Qərb ölkələrinin təhsil sistemində orta məktəbdən başlayaraq ali təhsil müəssisələrinə qədər hər səviyyəyə uyğun media savadlılığının tədris olunduğunu vurğulayaraq, ölkəmizin təhsil sektorunda bu fənnin tədris olunmasının aktuallığının qeyd edib və 5 bənddən ibarət təklif irəli sürüb.
“Jurnalistika” elmi-tədqiqat laboratoriyasının müdiri, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosent əvəzi Aytəkin Zeynalova isə “Zəfər Paradı Türkiyə - Azərbaycan dostluğunu əbədiləşdirən imzalar” mövzusunda məruzə edib. O, Azərbaycan-Türkiyə birliyindən, 44 günlük Vətən Müharibəsi və Zəfər Paradının ölkələrarası dostluq və qardaşlığın əsil nümunəsi kimi tarixiləşməsindən danışaraq fikrini konkret nümunələrlə yekunlaşdırıb.