Jurnalistika fakültəsinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçirilib.
Konfransın “Mədəni irs və mənəvi yaddaş: dil, folklor, mətbuat, kitablar və intellektual mühit” adlı bölmə iclasında Jurnalistika fakültəsinin əməkdaşları Samir Mirzəyev “İrəvan mətbuatı Azərbaycan milli mətbuatının tərkib hissəsi kimi”, Anzulə Cəfərova “Qərbi Azərbaycan mövzusunun ölkə mediasında təqdimatı və diskurs analizi”, Nurşərəf Tağıyeva “Postmüharibə dövründə Zəngəzur dəhlizi: Beynəlxalq medianın narrativləri və geosiyasi çərçivə” mövzularında məruzə ilə çıxış ediblər.
İki gün davam edən konfransın bölmə iclaslarında dövlətçilik, suverenlik və tarixi ədalət anlayışları kontekstində Qayıdış Konsepsiyası, onun postmünaqişə dövründə milli strateji düşüncədə yeri, qayıdış hüququnun beynəlxalq hüquqi sənədlərdə təsbiti, məcburi köçkün və deportasiya olunmuş əhalinin hüquqları, qayıdış ideyasının sülh gündəliyinə töhfəsi, regional əməkdaşlıq və etimad quruculuğu mexanizmləri, humanitar diplomatiya və konfliktlərin postmünaqişə idarəetməsi, Qərbi Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin qorunması, tarixi abidələrin, toponimlərin və dini-mənəvi dəyərlərin bərpası, mədəni irsin beynəlxalq müstəvidə tanıdılması, qayıdışın coğrafi aspektləri: məskunlaşma, ərazinin təbii, sosial-iqtisadi və siyasi şəraitinin qiymətləndirilməsi, dezinformasiya və tarixi saxtakarlığa qarşı arqumentlərlə bağlı ümumilikdə 100-dək məruzə dinlənilib.