Jurnalistika fakültəsinin əməkdaşları Beynəlxalq elmi konfransda məruzə ediblər
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosentləri Pərvanə İbrahimova və Vəfa İsgəndərova Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anadan olmasının 140 illik yubileyinə həsr olunmuş “Tarixdə şəxsiyyət” adlı XIV Beynəlxalq elmi konfransda iştirak ediblər.
P.İbrahimova “Ermənilərin Azərbaycan məscidlərini təhqir etməsi: Azərbaycan və Türkiyə mətbuatının yanaşması” mövzusunda məruzə edərək erməni qəsbkarlarının Qarabağda bütün tarixi, mədəni, dini abidələri məhv etmələrindən, 67 müsəlman məscidini dağıdaraq yararsız hala salmalarından bəhs edib. Bildirib ki, məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlanılması Ermənistanın bəşəri dəyərlərə olan mənfi münasibəti ilə yanaşı, xalqımızın, bütövlükdə müsəlman dünyasının dini dəyərlərinə hörmətsizlik, 1954-cü ildə Haaqada qəbul edilmiş Konvensiyaya ziddir və bütün bunlar Azərbaycan mətbuatı ilə yanaşı, Türkiyə mediası və digər müsəlman ölkələrinin informasiya resurslarında yayımlanır və həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.
V.İsgəndərova isə “İkinci Qarabağ müharibəsi Rusiya mediasında: tarixi həqiqət, yoxsa saxta məlumat” mövzusunda məruzə edib. O, Rusiya kütləvi informasiya vasitələrinin əksəriyyətinin Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlayan Ermənistan və Dağlıq Qarabağ separatçılarının maraqlarına uyğun fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, “Dojd”, “Rusia Today”, “RBK” və TASS media orqanları həm aprel, həm də 44 günlük Vətən Müharibəsini qeyri-obyektiv və qərəzli təqdim edib. Xüsusilə də “Sputnik”in Ermənistan bürosu və YouTube üzərindən yayımlanan “War Gonzo” layihəsi subyektiv münasibət sərgiləyiblər.
Qeyd edək ki, Ankarada onlayn formatda baş tutan konfrans Elger Beynəlxalq elm-tədris mərkəzinin təşkilatçılığı ilə keçirilib.