Jurnalistika fakültəsinin doktorantı Beynəlxalq elmi konfransda iştirak edib
BDU-nun Jurnalistika fakültəsinin doktorantı Süsən Quliyeva Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Universitetinin Ali jurnalistika məktəbi və kütləvi kommunikasiya İnstitutunda keçirilmiş “Müasir dünyada media. Gənc tədqiqatçılar” adlı Beynəlxalq elmi konfransda iştirak edib. Onlayn konfransda Rusiya Federasiyasının nüfuzlu universitetlərilə yanaşı, digər ölkələrin nümayəndələri də məruzə ilə çıxış ediblər. 21 bölmədən ibarət olan bu mötəbər tədbirdə jurnalistikanın müxtəlif yönümlərinə aid aparılmış maraqlı elmi araşdırmalardan bəhs olunub. Əsas mövzusu müasir qloballaşma dövründə jurnalistikanın rəqamsallaşması olan konfransda Süsən Quliyeva “Цифровая медиатизация второй Нагорно-Карабахской войны” (İkinci Dağlıq Qarabağ müharibəsinin rəqamsal mediatizasiyası) adlı elmi məruzə ilə Azərbaycanı təmsil edib. O, “Yerli və beynəlxalq hadisələrin rəqamsal mediatizasiyası” bölməsində çıxış edib. Müəllif 2020-ci ildə ölkəmiz üçün mühüm hadisə olan Vətən müharibəsinin dünya mediasında, xüsusən də Qərb və Rusiya KİV-ində və sosial platformalarda işıqlandırılmasından danışıb. S.Quliyevanın məruzəsi iştirakçılar tərəfdən böyük marağa səbəb olub və məruzəçiyə müxtəlif suallar ünvanlanıb. Tədbirin yekunu olaraq iştirakçıların elmi tezisləri elmi konfransın toplusunda dərc ediləcəkdir.