Jurnalistika fakültəsinin dekan müavini Türkmənistanda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib
-lg.jpg)
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosenti Sevinc Əliyeva Türkmənistanda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Türkmənistan Təhsil Nazirliyi və Magtymguly Turkmen State University tərəfindən təşkil olunan “Davamlı İnkişaf Məqsədlərinin Prioritet İstiqaməti: Ekologiya və İqlim Dəyişikliyi Məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Konfransın əsas məqsədi iqlim dəyişiklikləri ilə bağlı ekoloji problemlərin müzakirəsi, ətraf mühitin mühafizəsi sahəsində elmi əməkdaşlığın genişləndirilməsi və davamlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verən innovativ yanaşmaların təqdimatı olub.
Konfrans çərçivəsində BDU-nun nümayəndəsi “Azərbaycanda ekoloji jurnalistika: məlumatlandırmadan cəmiyyətin iqlim məsuliyyətinin formalaşdırılmasına doğru” (“Экологическая журналистика в Азербайджане: от информирования кформированию климатической ответственности общества”) mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda ekoloji jurnalistikanın inkişaf mərhələləri, media vasitəsilə ekoloji maarifləndirmə fəaliyyətinin xüsusiyyətləri, iqlim dəyişiklikləri ilə bağlıməlumatların ictimaiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolu və cəmiyyətdə iqlim məsuliyyətinin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslər geniş şəkildə təhlil olunub. Eyni zamanda, ekoloji jurnalistikanın yalnız informasiya ötürən deyil, həm də vətəndaşların ekoloji davranışına və dayanıqlı həyat tərzinin təşviqinə təsir göstərən mühüm sosial institut kimi əhəmiyyəti vurğulanıb.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və ekoloji kommunikasiyanın gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Beynəlxalq konfrans Dünya Ətraf Mühit Günü münasibətilə təşkil olunub və ekoloji təhlükəsizlik, iqlim dəyişikliklərinə uyğunlaşma və davamlı inkişaf məqsədlərinin təşviqi məsələlərinə həsr edilib.