Jurnalistika fakültəsində rəsmi müzakirə keçirilib
Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Multimedia və elektron kommunikasiya kafedrasının doktorantı Süsən Quliyevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 5720.01 - Jurnalistika ixtisası üzrə “Yeni texnoloji şəraitin audiovizual dilə və TV formatlarına təsiri problemləri” mövzusunda dissertasiya işinin rəsmi müzakirəsi keçirilib.
Tədbiri sədr Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Allahverdi Məmmədli açaraq doktorant haqqında qısa məlumat verib. İddiaçı S.Quliyeva çıxış edərək bildirib ki, Azərbaycanda televiziya sistemi artıq özünün formalaşma dövrünü sona çatdırıb, yayım texnoloji baxımdan rəqəmli sferaya (HD) keçirilib. Ən başlıcası sovet ideoloji-təbliğat televiziya statusundan uzaqlaşan ölkə TV-ləri beynəlxalq yaradıcılıq prinsiplərini mənimsəyərək bu gün tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda telekanalların bir çoxunda peşəkarlığın yüksəlməsi və müasir dünya telestandartlarınn mənimsənilməsi sahəsində ciddi addımlar atılmaqdadır.
Müzakirədə dissertasiya işinə “Azad Azərbaycan” (ATV) televiziyası Bədii Şurasının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, professor Etibar Babayevin müsbət rəyi oxunub. Doktorantın elmi rəhbəri, professor Qulu Məhərrəmli çıxış edərək iddiaçı və diassertasiya haqqında rəyini bildirib.
Doktorant tədbir iştirakçılarının suallarını cavablandırdıqdan sonra müzakirədə iştirak edən müəllimlərdən, professor Nəsir Əhmədli, filologiya elmləri doktoru Sabir Məmmədli, dosent Sevil Həsənova, dosent Sevinc Məmmədova çıxış edərək doktorant Süsən Quliyevanın təqdim etdiyi dissertasiya işini yüksək qiymətləndirərək müdafiəyə layiq olduğunu, AAK-ın tələblərinə cavab verdiyini bildiriblər və dissertasiya işi açıq müdafiəyə buraxılıb.