Jurnalistika fakültəsində növbəti elmi seminar
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının əyani doktorantı Nuranə Həsənovanın “Müstəqil Azərbaycan uğrunda mübarizə dövrünün mətbuatında Qarabağ problemi” mövzusunda onlayn elmi seminarı keçirildi. Seminarı giriş sözü ilə elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva acaraq tədbir iştirakçılarını salamladı, doktorant haqqında qısa məlumatdan sonra sözü iddiaçıya verdi. İddiaçı Nuranə Həsənova Azərbaycan-Ermənistan arasında baş verən Dağlıq Qarabağ münaqişəsinin XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olduğunu, onun nəticələrinin milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərdiyini vurğuladı. Doktorant 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatlar, terror əməlləri ilə başlamış bu münaqişənin Azərbaycana qarşı təcavüzlə nəticələndiyini diqqətə çatdırdı.
Nuranə Həsənova Dağlıq Qarabağda erməni separatçıları və Ermənistanla çoxillik müharibə, həmçinin ideoloji təxribatlar, həqiqətlərin mətbuat tərəfindən işıqlandırılması, eləcə də onların nəticələrinin publisitikada geniş əks olunması barədə məlumat verdi. Azərbaycanın ziyalıları və jurnalistlərinin ermənilərin döyüş meydanlarında işgəncə və ağlasığmaz vəhşiliklərindən bəhs edən yazıları, KİV nümayəndələrinin hadisələrin təsvirində və onlara qiymət verilməsində tarixi obyektivlik mövqedən çıxışlarından bəhs etdi.
Daha sonra Milli mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu, dosent Aygün Əzimova, kafedranın müəllimi Samir Mirzəyev və doktorant Afaq Ağayarova çıxış edərək müsbət rəylərini bildirdilər və doktoranta gələcək işlərində uğurlar arzuladılar.
Seminar mövzu ilə bağlı maraq doğuran sualların cavablandırılması ilə yekunlaşdı.