Jurnalistika fakültəsində növbəti elmi seminar
08 aprel 2021-ci il tarixdə Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Aygün Qurbanlının “Azərbaycanda internet medianın fəaliyyəti” mövzusunda onlayn elmi seminarı keçirilib. Seminarı giriş sözü ilə elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva acaraq tədbir iştirakçılarını salamlayıb, doktorant haqqında qısa məlumat verdikdən sonra sözü iddiaçıya verib.
İddiaçı Aygün Qurbanlı çıxış edərək Azərbaycan internet mühitində onlayn media sisteminin inkişafı və formalaşmasından bəhs edib. Doktorant Azərbaycanda internet medianın yaranmasının ötən əsrin 90-cı illərinin ortalarına təsadüf etdiyini, öncə qəzetlərin onlayn versiyaları, sonra isə sırf internet media kimi yaradılan resurslarının da sayının sürətlə çoxaldığını elmi seminar iştirakçılarının diqqətinə çatdırıb. Hazırda ölkədə bir-birindən fərqli dizaynda olan xəbər saytları, informasiya agentlikləri, elektron qəzetlər, internet tv və radionun formalaşması, fəaliyyətdə olan saytların təməl prinsipləri və növləri haqqında geniş məlumat verib. Çıxışını bitirdikdən sonra Aygün Qurbanlı seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Daha sonra S. Əliyeva sözü doktorantın elmi rəhbəri, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədliyə verib. A.Məmmədli doktorant və dissertasiya mövzusu barədə qısa məlumat verib və seminar iştirakçılarına öz təşəkkürünü bildirib.
Seminarda iştirak edən Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri professor Cahangir Məmmədli, dosent Zaur Babayev, filologiya üzrə fəlsəfə doktoru Gülnarə Sadıxova, müəllimlərdən, Mirakif Babayev müsbət rəylərini bildirərək, doktoranta gələcək işlərində uğurlar arzulayıblar.