Jurnalistika fakültəsində “MediaPulse” təcrübə proqramına başlanılıb
-lg.jpg)
“BDU Könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatıçılığı ilə “MediaPulse” təcrübə proqramına start verilib. Proqramın məqsədi medianın müxtəlif sahələri üzrə tanınmış şəxslərin qazandıqları təcrübələri tələbə-jurnalistlərlə bölüşməsinə şərait yaratmaq, bununla onların hərtərəfli inkişafına töhfə verməkdir.
Layihə çərçivəsində ilk qonaq AZƏRTAC-ın redaksiya müdiri, Jurnalistika fakültəsinin məzunu Ramin Qurban olub.
Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev həm layihə, həm də qonaq haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, jurnalistika sahəsində nəzəri biliklər mühüm baza rolunu oynasa da, peşəkar bacarıqların formalaşmasında praktiki fəaliyyət də həlledici əhəmiyyət daşıyır. Odur ki, belə görüşlər tələbələrin real media mühitinə daha yaxından bələd olmalarına, peşəkar təcrübəni birbaşa mənbədən öyrənmələrinə və gələcək fəaliyyət istiqamətlərini daha düzgün
müəyyənləşdirmələrinə geniş imkan yaradır.
Daha sonra çıxış edən Ramin Qurban jurnalistika sahəsində keçdiyi peşə yolundan bəhs edib. Hələ tələbəlik illərindən etibarən praktiki fəaliyyətə başladığını, televiziya sahəsini özü üçün əsas yol seçdiyini diqqətə çatdırıb. Uzun illər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də, daha sonra isə Azərbaycan Dövlət İnformasiya Agentliyində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini vurğulayıb. Ramin Qurban tələbələrə jurnalistika sahəsində uğur qazanmaq üçün nəzəriyyə ilə yanaşı, praktiki biliklərin də vacib olduğunu deyib. O, gənclərə fəaliyyətə qəzet və xəbər saytlarından başlamağı tövsiyə edib, jurnalist etikasını bilməyin və xəbərləri yoxlamadan yaymamağın vacibliyini xüsusi qeyd edib.
Qonaq çıxışında xarici dil biliklərinin əhəmiyyətinə də toxunub, dil bilgisinin jurnalist üçün yeni imkanlar açdığını bildirib. O, həmçinin kitab oxumağın, davamlı özünü inkişaf etdirməyin və müxtəlif təlimlərdə iştirak etməyin vacibliyini də diqqətə çatdırıb.
Ramin Qurban prezident tədbirlərinin işıqlandırılması, canlı yayımların məsuliyyəti və jurnalist fəaliyyətində qarşıya çıxan çətinliklər barədə də danışıb. Görüş tələbələrin çoxsaylı sualları əsasında interaktiv müzakirələrlə davam edib.