Jurnalistika fakültəsində Konstitusiya və Suverenlik İlinə həsr olunmuş tədbir keçirilib

2025-ci il həm Konstitusiyanın 30 illiyi, həm Zəfərin 5-ci ili, həm də milli iradənin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin çərçivədə BDU-nun Jurnalistika fakültəsində tələbələrə konstitusion düşüncə və suverenliyin mediada işıqlandırılmasının vacibliyini aşılamaq məqsədilə tədbir keçirilib.
Aparıcı Nuray Qurbanova tədbiri açıq elan edib, Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dekan müavini Samir Mirzəyev çıxışında “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu cür tədbirlər tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. O, jurnalistikanın məsuliyyətli peşə olduğunu, jurnalistin tarixini və ana dilini mükəmməl bilməsinin vacibliyini qeyd edib. Mirzəyev tələbələrin təşəbbüskarlığını yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.
Tədbirin növbəti çıxışı professor Cahangir Məmmədliyə həvalə olunub. Professor tədbirin təşkil olunmasını yüksək qiymətləndirərək vurğulayıb ki, belə təşəbbüslər təhsil prosesinə əlavə dinamika gətirir və tələbələrin özünüifadəsinə imkan yaradır. O, tədbirin ona xoş təsir bağışladığını qeyd edərək bu cür layihələrin davamlı olmasının vacibliyini bildirib. Sonda isə professor tədbir iştirakçılarını təbrik edərək, Xumar Səfərovanın belə tədbirlərin keçirilməsinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Tədbir Fəridə Əliyevanın Müstəqil Azərbaycan Respublikasının qurulması ilə bağlı çıxışı ilə başlayıb. O, müstəqilliyimizin bərpasını xalqın əsrlər boyu arzuladığı azadlığın zirvəsi adlandırıb və Heydər Əliyevin ölkəni xilas edən siyasətinə diqqət çəkib.
Hüseynli Fatimə soyqırımlardan söz açaraq bu faciələrin yalnız həyatları deyil, bütöv mədəniyyətləri məhv etdiyini, lakin üçrəngli bayrağın xalqın yenilməz ruhunu təcəssüm etdirdiyini bildirib. Fatimə qeyd edib ki, bu bayraq göstərir: faciələr milləti sındıra bilməz, onun ruhu torpaqda və bayraqda yaşayırsa. “Biz unutmadıq və unutmarıq - unudulsa, yenidən baş verər”, - deyə o çıxışını tamamlayıb.
Həbibə Xankişiyeva 20 Yanvar hadisəsini millətin yaddaşına qanla yazılmış dönüm nöqtəsi kimi səciyyələndirib və şəhidlərin qurbanlığı sayəsində bu gün azad yaşadığımızı vurğulayıb.
Ayşə Xəlilova çıxışında Çingiz Mustafayevin Xocalı həqiqətini dünyaya çatdıran cəsarətli jurnalist olduğunu qeyd edib. Onun fəaliyyəti həqiqətin gücünü nümayiş etdirən nümunə kimi dəyərləndirilib.
Reyhan Quluzadə xalqımızın keçdiyi ağrı və sınaqların Zəfərə aparan yolu möhkəmləndirdiyini bildirib. Şuşanın azad olunmasının xalqın birliyi və ordunun əzmi ilə mümkün olduğu vurğulanıb.
Mələk Hüseynova antiterror əməliyyatını Azərbaycanın suverenliyini bərpa edən və konstitusiya quruluşunu tam təmin edən mühüm hadisə kimi təqdim edib. O, xalq–ordu birliyinin əhəmiyyətini qeyd edərək çıxışını həmrəylik çağırışı ilə tamamlayıb.
Tədbir Azərbaycan ruhunun sarsılmaz olduğunu, işğaldan azad edilən torpaqların milli kimliyimizin ən dəyərli parçasını təşkil etdiyini bir daha nümayiş etdirib. Burada səslənən fikirlər həm keçmişin ağrılarını unutmamağın, həm bu günün qürurunu yaşamağın, həm də gələcəyin daha güclü Azərbaycanını qurmağa doğru irəliləməyin vacibliyini ortaya qoyub.