Jurnalistika fakültəsində I Türkoloji Qurultaya həsr olunmuş elmi seminar keçirilib
-lg.jpg)
27 Mart - Elm günü ilə əlaqədar Jurnalistika fakültəsində növbəti elmi seminar Milli mətbuat tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının “Azərbaycan Sovet mətbuatında I Türkoloji Qurultay materialları” mövzusunda keçirilib.
Akif Aşırlı çıxış edərək I Türkoloji Qurultayın həm tarixi, həm də mətbuat kontekstində əhəmiyyətindən danışıb. Qeyd edib ki, qurultay türk xalqlarının ortaq dil, əlifba və terminologiya məsələlərinin müzakirə olunduğu mühüm elmi-siyasi platforma olub. Eləcə də, o, bu prosesin Azərbaycan mətbuatında geniş şəkildə işıqlandırıldığını deyib.
Məruzəçi vurğulayıb ki, mənbələrdə qurultay müxtəlif formalarda təqdim olunur: “Ümumittifaq Birinci Türkoloji Qurultayı”, “Birinci Bakı Türkoloji Qurultayı” və “Birinci Türkoloji Qurultayı”. Araşdırmalar göstərir ki, mətbuat materiallarının böyük əksəriyyətində “Birinci Türkoloji Qurultayı” ifadəsi işlədilib. Bununla yanaşı, həmin dövrdə Bakı türkoloji fikrin mərkəzi kimi çıxış etdiyindən “Bakı” adı da bir sıra yazılarda yer alıb.
Seminarda bildirilib ki, qurultayın əsas müzakirə mövzusu ərəb əlifbasının islahı və latın qrafikalı əlifbaya keçid məsələsi olub. Bununla yanaşı, ortaq türk terminologiyasının formalaşdırılması, ümumi türk tarixi və etnoqrafiyasının öyrənilməsi kimi məsələlər də gündəmdə olub. O qeyd edib ki, əlifba islahatı ideyasını Azərbaycan maarifçilik tarixində daha əvvəl Mirzə Fətəli Axundzadə irəli sürüb, lakin həmin dövrdə bu fikir qəbul olunmayıb.
Məruzəçi araşdırmalarında istifadə etdiyi əsas mətbuat orqanları barədə də məlumat verib. “Yeni yol”, “İşıq Yol”, “Maarif və mədəniyyət”, “Yeni fikir” və “Kommunist” qəzetlərinin səhifələrində qurultayla bağlı hesabatlar, analitik məqalələr, xəbərlər və reportajların dərc olunduğu diqqətə çatdırılıb. Xüsusilə Tiflisdə nəşr olunan “Yeni fikir” qəzetində Yeni Türk əlifbasına keçid komissiyasının fəaliyyəti ilə bağlı materialların yer aldığı bildirilib.
Çıxış zamanı qurultayda iştirak edən nümayəndələr haqqında da məlumat verilib. Qeyd olunub ki, Türkiyədən professor Mehmet Fuat Köprülü və Azərbaycan milli ictimai fikir tarixində xüsusi yeri olan türkçülük məbədi "Füyuzat"ın əsaslarını qoyan professor Əli bəy Hüseynzadə Turan da iştirak ediblər. Onlar çıxışlarında türk xalqlarının həyatında bu toplantının mühüm rol oynayacağını vurğulayıblar. Əlifba məsələsində isə Mehmet Fuat Köprülü və Əli bəy Hüseynzadənin ehtiyatlı diplomatik mövqe sərgilədikləri mətbuat səhifələrində əksini tapıb. Bu iki fikir insanının Türkiyəyə dönüşündən sonra orada əlifba islahatına yenidən qayıdılıb. Mustafa Kamal Atatürkün həyata keçirdiyi latın qrafikasına keçid reallaşıb.
Seminarda maraqlı məqamlardan biri də 1926-cı ildə rus dilində çap olunan stenoqram materialları ilə qəzet materialları arasındakı fərqlərdən danışılması olub.
Həmçinin söylənilib ki, bəzi nümayəndələrin - xüsusilə Orta Asiya və digər bölgələrdən gələn iştirakçıların ərəb əlifbasının islahı istiqamətində görülən işlərin yarımçıq qalacağı ilə bağlı narahatlıqları da mövcud idi. Hətta bu işi təşkil edən Kommunist partiyasının nümayəndələrinin müəyyən ehtiyatlı mövqe nümayiş etdirmələri də qəzetdə çap olunan məqalələrdən hiss olunur.
Məruzədə Azərbaycan milli mətbuatının 50 illik yubileyinin keçirilməsi məsələsinə də toxunulub. A.Aşırlı söyləyib ki, hələ 1925-ci ildə Azərbaycan milli mətbuatının 50 illiyinin keçirilməsi ilə bağlı Azərbaycan Kommunist Partiyası və yerli icraiyyə komitələri qərar qəbul edib. Milli mətbuatımızın bünövrəsi kimi “Əkinçi” qəzeti götürülüb. O xatırladıb ki, Sovetlərin hakimiyyətdə olmasına baxmayaraq 1875-ci il iyul ayının 22-də çıxan Əkinçi milli mətbuatımızın başlanğıcı hesab olunub.
"Əkinçi" qəzetinin yubileyi ilə bağlı qərarların qəbul edildiyi, arxiv materiallarının toplandığı və milli mətbuat tarixinin yenidən gündəmə gətirildiyi diqqətə çatdırılıb.
Seminarın sonunda Akif Aşırlı qeyd edib ki, I Türkoloji Bakı Qurultayı təkcə əlifba dəyişikliyi məsələsi deyildi. Bu, türk xalqlarının ortaq kimlik, ortaq dil və mədəni birlik istiqamətində atdığı mühüm addım idi. Qurultayın Azərbaycan Sovet mətbuatında işıqlandırılması isə dövrün ideoloji və siyasi kontekstini anlamaq baxımından mühüm tarixi mənbə kimi dəyərləndirilməlidir.
Tədbir müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.