Jurnalistika fakültəsində elmi seminar
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində "Şuşa Bəyannaməsi - Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələsi" mövzusunda elmi seminar keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyətinin nümayəndələri ilə yanaşı, tələbələr də iştirak ediblər.
Filologiya elmləri doktoru Vüqar Əliyev "Şuşa Bəyannaməsi 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar müstəvisində" mövzusunda çıxış edib. Şuşa Bəyannaməsinin Azərbaycan Türkiyə birliyinin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı olduğunu vurğulayan V.Əliyev bildirib ki, belə bir sənədin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir.Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi regionda və dünyada əməkdaşlığın, birgə yaşayışın, sülhün, ərazi bütövlüyü və suverenliyin, iqtisadi-ticarət əlaqələrinin, mədəni münasibətlərin, təhlükəsizliyin carçısıdır.
Sözügedən sənədi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğuru kimi dəyərləndirən professor Qulu Məhərrəmli "Şuşa Bəyannaməsi müasir geosiyasi çarpışmalar kontekstində" mövzusunda məruzə edərək iki ölkə arasındakı müttəfiqliyin müxtəlif aspeklərini diqqətə çatdırıb. Bildirilib ki, müştərək maraq kəsb edən regional və beynəlxalq məsələlərdə birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirən saziş Bakı və Ankaranın rəhbərliyi ilə yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının göstəricisidir.
Elmi seminar interaktiv formada davam edib. Məruzəçilər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.