Jurnalistika fakültəsində elmi seminar keçirilib
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında Üskadar Universitetinin İletişim proqramı üzrə doktorantı Günel Heydərovanın "İnformasiya cəmiyyətinin nəzəri aspektləri. Modernləşmə, Kommunikasiya və Texnologiya" mövzusunda elmi seminarı keçirilib.
Kafedranın doktorantlarının və müəllim heyətinin iştirakı ilə keçirilən seminarda doktorant G.Heydərova informasiya cəmiyyətində texnologiyaların rolundan bəhs edib: "Texnologiyanın (İKT) sürətli inkişafını müşahidə edən sosioloqlar kapitalizmdən sonra peşələrin gücünün gələcəyini və informasiya cəmiyyətinin qurulacağını iddia edirdilər. Ancaq bunun əksini iddia edənlərin sayı az deyildi. Məsələn, Frankfurt məktəbinin nümayəndələri yeni dövrü İnformasiya cəmiyyəti deyil, İnformasiya kapitalizmi adlandırdılar. Bu gün elektron müşahidə və dinləmə cihazları ilə bəşəriyyət “yerin qulağı var” lətifəsinin reallığa çevrilməsinə heyrətlənir. Şəxsi, ictimai və özəlin sərhədlərinin bulanıqlaşdığı, nəzarətin hər bir insanın paranoyaya çevrildiyi müasir dünyada fərd, subyekt və obyekt kimi anlayışların yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Elektron gözün davamlı olaraq insanları müşahidə etdiyi, elektron qulağın isə davamlı olaraq insanları dinlədiyi bir mühitdə nə müasirlik fərdinə, nə də post-modernlik subyektinə yer qalmır".
Elmi seminar sual-cavabla yekunlaşıb.