Jurnalistika fakültəsində cari ilin son elmi seminarı
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Pərviz Məsməliyevin “Qarşılıqlı dövlətlərarası münasibətlər Azərbaycan və Böyük Britaniya KİV-də” mövzusunda onlayn elmi seminarı keçirilib. Seminarı giriş sözü ilə elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva açaraq hər kəsi salamladıqdan sonra doktorant haqqında qısa məlumat verib. Daha sonra söz iddiaçıya verilib. İddiaçı Pərviz Məsməliyev çıxış edərək Azərbaycanla Birləşmiş Krallıq arasında iqdisadi, siyasi və mədəni əlaqələrlə bağlı məsələlərdən bəhs edib. Doktorant müstəqillik illərində Azərbaycan və Böyük Britaniya arasında olan əməkdaşlıq məsələlərinin həm Azərbaycan, həm də Britaniya mətbuat orqanlarında dərc edilən materialları araşdıraraq təhlil etdiyini vurğulayıb.
Sonra S.Əliyeva sözü doktorantın elmi rəhbəri, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, professor Həmid Vəliyevə verib. Elmi rəhbər doktorant və dissertasiya mövzusu barədə fikir bildirərək, doktorantın dissertasiya işini yüksək qiymətləndirib.
Kafedranın müəllimləri dosentlər Pərvanə İbrahimova, Vəfa İsgəndərova, Aytəkin Zeynalova sonda çıxış edərək müsbət rəylərini bildirib və Pərviz Məsməliyevə gələcək işlərində uğurlar arzulayıblar.
Elmi seminar sual-cavab ilə yekunlaşıb.