Jurnalistika fakültəsində buraxılış işlərinin müdafiəsi keçirilib
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavriatura səviyyəsi üzrə diplom işlərinin onlayn müdafiəsi keçirilib. Müdafiə şurasının sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxış edərək tələbələrin uğurlu işlər ərsəyə gətirdiyini xüsusi vurğulayaraq, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra tələbələrin diplom işlərinin müdafiəsinə başlanılıb.
Fakültənin 4-cü kurs tələbəsi Elmira Fərəməzova “Vətən müharibəsi xarici mediada (Rossiya 1 və CNN türk)” mövzusunda yazdığı diplom işi ilə bağlı müdafiə iştirakçılarını məlumatlandırıb. Xarici telekanalların, xüsusilə Rossiya 1 və CNN türk kanallarının müharibə dönəmində əsas mövzuları aktual şəkildə işıqlandırdıqlarını diqqətə çatdırıb.
Sonra jurnalistika fakültəsinin 4-cü kurs ingilis bölməsinin tələbəsi Pəri Abbaslının “Media sistemində podkastlar və onların sosial əhəmiyyəti” (Podcasts in the media system and their social significance) mövzusu dinlənilib. Məruzəçi podkastların tarixi və onların gələcək üçün əhəmiyyətinin vacibliyindən bəhs edib.
Tələbələr buraxılış işləri ilə bağlı sualları cavablandırdıqdan sonra onların opponent rəyləri dinlənilib.
Onlayn təşkil olunmuş müdafiədə professorlar Cahangir Məmmədli, Allahverdi Məmmədli, Qulu Məhərrəmli, Nəsir Əhmədli, Akif Rüstəmov, dosentlər Sevinc Məmmədova, Sevil Həsənova, dekan müavinləri Sevinc Əliyeva, Samir Mirzəyev tələbələrə gələcək həyatlarında uğurlar arzulayaraq, sual və tövsiyələrini səsləndiriblər.
Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu buraxılış işlərinin müdafiəsində iştirak edən hər kəsə təşəkkürünü bildirib, tələbələrin diplom işlərinin müdafiəsini yüksək qiymətləndirib.
Müdafiə prosesi hər iki tələbənin yüksək balla qiymətləndirilməsi ilə yekunlaşıb.