Anlaşma memorandumu imzalanıb
“Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi arasında Anlaşma Memorandumu imzalanıb.
Teleradio Akademiyasında keçirilən tədbirdə Akademiyanın rektoru Telli Əliyeva, prorektor Almaz Nəsibova, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və kafedra müdirləri iştirak ediblər.
T.Əliyeva Azərbaycan jurnalistikasının müasir inkişaf istiqamətlərindən danışıb və jurnalistikanın tərdisində praktik təlimlərin əhəmiyyətini vurğulayıb. T.Əliyeva jurnalistlərin peşəkar kadr kimi yetişdirilməsi üçün nəzəri biliklərlə yanaşı, təcrübi vərdişlərin aşılanmasının zəruri olduğunu deyib. Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, imzalanacaq Memoranduma əsasən, müəllimlər və tələbələr Teleradio Akademiyasının həyata keçirdiyi layihələrdə iştirak etmək imkanı qazanacaqlar. Eyni zamanda, Akademiyanın müdavimləri üçün fakültənin elmi pedaqoji dəstəyi ilə təlimlər, treninqlər keçiriləcək, birgə dəyirmi masalar, müsabiqələr təşkil olunacaq. Qeyd olunub ki, sənəddə əməkdaşlığın bütün mümkün variantları nəzərdə tutulub və birgə tədbirlərin həyata keçirilməsi jurnalistika tədrisinin inkişafına öz töhfəsini verəcək.
Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Allahverdi Məmmədli, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri dosent Aynur Nəsirova, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dosent Xatirə Hüseynova Azərbaycan mediasının inkişafı naminə yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist kadrların hazırlığı istiqamətində birgə fəaliyyətin əhəmiyyətindən bəhs ediblər. Jurnalistika sahəsində yeni elmi tədqiqatların aparılması, yaradıcılıq müsabiqələrinin, tələbələrin tanınmış jurnalistlər və yazarlarla görüşlərinin təşkili, maarifləndirici tədbirlərin həyata keçirilməsində əməkdaşlığın vacibliyi vurğulanıb.
Sonda Teleradio Akademiyasının rektoru T.Əliyeva və Jurnalistika fakültəsinin dekanı V.Əliyev əməkdaşlığa dair sənədi imzalayıblar.