İnformasiya müharibəsi
2016-cı ilin aprelindən fərqli olaraq, bu dəfə ermənilər daha fərqli şəkildə informasiya məkanımıza müdaxilə etməyə çalışırlar.
Əgər 2014-cü ilin avqust və 2016-cı aprelində daha çox informasiya portallarindan istifadə etməklə "bolvanka" modeli tətbiq edilirdisə (bu barədə çox danışmışam, bu səbəbdən üzərində durmuram), indi sosial mediada dilimizdə sərbəst şəkildə fikirlərini yazı ilə ifadə edən, azərbaycanlı kimi qeydiyyatdan keçmiş xüsusi olaraq hazırlanmış qruplardan istifadə edilir və nəticədə məşhur "niquş" şaiyə texnologiyası dövrəyə girir.
Bu cür profillərdən müxtəlif məzmunlu və həqiqətlə əsla əlaqəsi olmayan dezinformasiyalar və şəkillər yayaraq, cəmiyyətdə ümidsizlik və inamsızlıq yaratmağa çalışırlar. Son iki gündə erməni tərəfinin dəfələrlə bu cür dezinformasiyalar və çəkiliş tarixi keçmisə dayanan şəkilləri son iki günlə bağlı olduğu iddiası ilə yaymağa cəhd göstərdiklərinin şahidi olduq.
Lakin təəssüf ki, onlara inanlar, bele demek mümkünsə, "küyə gedənlər" də olur.
Bizim hər birimizin bir azərbaycanlı olaraq üzərimizə vəzifə düşür. Və bu vəzifə bizim vətənimiz qarşısında borcumuzdan qaynaqlanır.
Bu səbəbdən sosial mediada paylaşılanlara diqqət etmək xüsusilə önəmlidir.
Müharibə yalnız ön cəbhədə deyil, informasiya ilə də aparılır. Və inanın, ikincisi birincisindən daha təhlükəli və miqyasına görə genişdir.
Nə etməli?
1. Yalnız rəsmi qaynaqlardan alınan xəbərlərə inanmalı, paylaşmalıyıq. Müharibə ilə bağlı rəsmi xəbərlərin qaynağı isə Müdafiə Nazirliyidir.
2. Mənşəyi şübhə doğuran profil və səhifələrdə yayılanlara əsla etibar etməməli, paylaşmamalı, həmin səhifələri şikayət etməliyik;
3. Heç bir halda cəbhə xəttindən cəkilmiş və vizual olaraq hərbi texnika və əsgər mövqelərini zərrə qədər də olsa nişan verəcək vizual görüntüləri yaymamalıyıq. Çəkən və paylaşanlardan dərhal bu görüntüləri silmələrini tələb etməliyik;
4. Sosial mediada hər hansı fikir bildirmək, əsla bizi cəmiyyətimiz qarşısında daşıdığımįz sosial məsuliyyət hissindən azad etmir, bunu nəzərə almalıyıq.
Unutmayaq, biz arxa cəbhəyik!
Qadir Mövlam düşmənlə üz-üzə duran vətən oğullarımızın yar və yardımçısı olsun!