İlkin müzakirələr yekunlaşıb
Jurnalistika fakültəsində magistratura pilləsində 060204 –Jurnalistika istiqaməti üzrə 3 kafedrada 6 ixtisaslaşmada dissertasiya işlərinin ilkin müzakirələri yekunlaşıb. Belə ki, “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasının 2 Azərbaycan, 1 ingilis 4 rus bölmələrinin (onlardan 3-ü xarici vətəndaş) magistrantları, “Multimedia və elektron kommunikasiya” kafedrasının 3 – “Radiotelejurnalistika”, “RTV yayım menecmenti”, “Media və kommunikasiya sistemləri” ixtisaslaşmaları üzrə 6 magistrantı, “Yeni media və kommunikasiya nəzəriyyəsi” kafedrasının iki – “Jurnalistika nəzəriyyəsi” və “Publisistik jurnalistika” ixtisaslaşmalarının magistrantları yüksək səviyyədə elmi işlərini ilkin olaraq müdafiə ediblər. Magistrantlardan Süleymanlı Lamiyə, Zalova Sünbül, Cəfərova Xanim, Abbasova Nigar, Kərimova Yetər, Çin Xalq Respublikasının vətəndaşları Liu Xiaonan Wang Wei xüsusilə fərqləniblər.
Müzakirədə iştirak edən Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxış edərək bildirib ki, pandemiya şəraitinə, kitabxanaların bağlı olmasına baxmayaraq magistrantlarımızın dissertasiya işlərinə ciddi yanaşmaları təqdirəlayiqdir. Bu həm də elmi rəhbərlərinin və bütünlükdə kafedraların işlərinə məsuliyyətlə yanaşmasının nəticəsidir.
Kafedra müdirlərinin sədrliyi ilə keçirilən dissertasiya işlərinin ilkin müzakirələrində professor və müəllim heyəti fəal iştirak edərək mövzularla bağlı fikir və təkliflərini bildiriblər. Sonda müzakirələrdə iştirak edən elmi işlər üzrə dekan müavini dissertasiya işlərinin necə sənədləşdirilib açıq müdafiəyə təqdim olunması ilə bağlı tövsiyələrini verib.