İlaxır çərşənbəniz mübarək!
Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə - Topraq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.
İlaxır çərşənbədə havanın necə asılı olmasıdan asılı olmayaraq, insanlar həmişə tarlaya çıxar, əkinə əl qoyub küt qoşar, bunu edə bilməyənlər isə heç olmasa torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir.
Torpağın oyanışı olan “Torpaq çərşənbəsi” özlüyündə bərəkəti, məhsul artımını simvollaşdırmaqla insanları maddi nemətlər bolluğu ilə təmin edib, acından ölmək təhlükəsindən qurtarmaqla xilasedici dirilik missiyası daşıyır. Torpağın müqəddəsliyi və həyatvericilik gücü ondadır ki, digər yaradılmışlar da torpaqdan dirilik tapıb, inkişaf edir. Bitkilərin bitib-cücərməsi timsalında digər canlılar aləminin torpağın bəxşedici gücü ilə yaranıb formalaşdığını əks etdirir. Torpaq maddi varlıq olaraq bitkiləri və insanların yaşayıb inkişaf tapmasına, fəaliyyətinə şərait yaradır.
İlaxır çərşənbədə qapıpusma və başqa fallar var, insanlar ürəklərində niyyət edib qapı pusarlar. Niyyətləri ilə evdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışarlar. Bu uyğunluq tapılarsa, o zaman arzularının reallaşacağına inanarlar.
İlaxırda gənclər səhərə qədər yatmazlar, şənlənib, oxuyub-oynayarlar. İnsanlar qorxuya, çətinliklərə, uğursuzluqlara sinə gərərək yeni ilə təzə bir ruh, sağlam əhval-ruhiyyə ilə çıxmaq arzusunda olarlar.