"İdman jurnalistikası və efir mədəniyyəti" adlı görüş

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə idman jurnalisti Fəridə Abdulla ilə görüş keçirilib.
F.Abdulla tələbələrə peşə yolundan və media sahəsində qazandığı təcrübələrdən danışıb.
O bildirib ki, jurnalistikaya 3-cü kursda – 2003-cü ilin sentyabrında ANS radiosunda başladığı təcrübə ilə qədəm qoyub. Təcrübəsinin olmamasına baxmayaraq, israrı və öyrənmək həvəsi onun qəbul edilməsinə səbəb olub. Bir həftə ərzində pultu öyrəndiyini, 1 oktyabrda ilk dəfə efirə çıxdığını deyən jurnalist əvvəlcə musiqili proqramlarda, daha sonra isə xəbər sahəsində fəaliyyət göstərib.
Canlı yayımlar zamanı cəbhədə çalışan müxbirlərlə bağlantılar etdiyini bildirən Fəridə Abdulla bunun həm emosional, həm də peşəkar baxımdan çətin, lakin çox dəyərli təcrübə olduğunu vurğulayıb. O, ağır iş rejiminə baxmayaraq, mediada irəliləmək üçün fədakarlığın vacib olduğunu qeyd edib.
Görüşdə o, tələbələrə praktik təcrübənin əhəmiyyətini xatırladıb: “Maddi qarşılıq gözləmədən təcrübə qazanmaq sizi daha güclü edir”.
Tədbirin davamında tələbələr jurnalistə suallar ünvanlayıb. Media sahəsində inkişaf yolları, idman jurnalistikasında qarşılaşdıqları çətinliklər, beynəlxalq tədbirlərdə iştirak imkanları və xarici dil bacarıqlarının rolu barədə suallar ətrafında geniş müzakirə aparılıb.