I Gənc mədəniyyət müxbirləri məktəbinin növbəti təlimi
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynlinin iştirakı ilə "I Gənc mədəniyyət müxbirləri məktəbi" layihəsi çərçivəsində növbəti təlim keçirilib.
S.Hüseynli təlimdə yazılı mətbuatın məziyyətləri və istiqamətləri mövzusu ilə söhbətə başlayıb. Jurnalistikanın etik kodeksləri, mətbuatın yazılmayan qanunları, jurnalistin davranışındakı xüsusi diqqət yetirilməli nüanslar barədə fikirlərini bölüşən təlimçi mədəniyyət sahəsi üzrə ixtisaslaşmaq arzusunda olan jurnalistlərin bilməli olduqları xüsusi məsələlərdən bəhs edib.
S.Hüseynli 20 illik redaktor təcrübəsini tələbələrlə bölüşüb, xatırladığı maraqlı hadisələri dilə gətirib. Auditoriya üçün örnək göstəriləcək şəxslər, onların uğurlu olmalarının sirləri barədə danışıb. Təlimçi bildirib ki, yaxşı mədəniyyət müxbiri olmaq istəyən şəxs yazı janrını, istiqamətini, maraq dairəsini əvvəlcədən müəyyənləşdirməli, həmin istiqamətdə məlumatlı olmalı, mədəni irsimizi yaxşı bilməli və bugünkü mədəni prsosesi yaxından izləməlidir.
Auditoriyanın suallarını cavablandıran S.Hüseynli ilkin qələm təcrübəsi kimi tələbələrə təəssüratları barədə nəsə yazmağı tövsiyə edib və bildirib ki, "525-ci qəzet"in qapıları istedadlı gənclərin üzünə həmişə açıqdır.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsi və "525-ci qəzet"in birgə təşkilatçılığı ilə həyata keçən "I Gənc mədəniyyət müxbirləri məktəbi" layihəsinin məqsədi mədəniyyət sahəsi üzrə püxtələşmək arzusunda olan tələbələrin inkişafına təkan verməkdir. Layihə çərçivəsində bu sahədə imzası tanınan, praktiki cəhətdən daha hazırlıqlı şəxslərin təlimçi qismində tələbələrlə söhbəti, həmin tələbələrin mədəni-kütləvi tədbirlərə cəlb olunması, öyrəndiklərini tətbiq etmək üçün müxtəlif tip materialların hazırlanması və işıqlandırılması, sonda isə "I Gənc mədəniyyət müxbirləri məktəbi"nin xüsusi sertifikatının verilməsi nəzərdə tutulur.