"Heydər Əliyev irsinin mediada təbliği təcrübəsi" mövzusunda görüş

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Heydər Əliyev irsinin mediada təbliği təcrübəsi” mövzusunda görüş keçirilib. “Xalq qəzeti”nin baş redaktorunun müavini, Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu şəxsi xatirələrinə əsaslanaraq Ulu Öndərlə bağlı bir sıra maraqlı və əhəmiyyətli faktları tələbələrlə bölüşüb. T.Aydınoğlu Heydər Əliyevin jurnalistlərə, mətbuat orqanlarına verdiyi dəyərdən, onun medianın inkişafındakı əvəzsiz rolundan danışaraq bildirib ki, bu irsi düzgün anlamaq və gələcək nəsillərə çatdırmaq hər bir media nümayəndəsinin borcudur.
Sonra “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov müəllifi olduğu "Heydər Əliyev xatirələr işığında" kitabından bəhs edib və bildirib ki, Heydər Əliyevin zəngin siyasi irsi yalnız dövlətçilik sahəsində deyil, eyni zamanda mətbuatın formalaşmasında da mühüm rol oynayıb. Onun fikrincə, gənc jurnalistlərin bu irsi dərindən öyrənməsi olduqca vacib məsələdir.
Görüş qarşılıqlı fikir mübadiləsi və tələbələrin sualları ilə davam edib. Sonda "Heydər Əliyev xatirələr işığında" kitabı tələbələrə təqdim edilib.