Həsən bəy Zərdabiyə həsr olunmuş kitabın təqdimatı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Həsən bəy Zərdabi irisinin tədqiqatçısı, “Qızıl qələm” və “Ali Media” mükafatları laureatı Eldəniz Həsənovun “Həsən bəy Zərdabi və Tiflis mühiti” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev görüşün məqsədi haqqında məlumat verərək qonağı iştirakçılara təqdim edib. Eldəniz Həsənov çıxışında Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin
çoxşaxəli fəaliyyətindən bəhs edib, onun görkəmli yazıçı-dramaturq Mirzə Fətəli Axundov ilə yaxın dostluq münasibətləri, Tiflisdəki ictimai və peşə fəaliyyəti haqqında ətraflı məlumat verib. E.Həsənov bildirib ki, H.Zərdabi maarifçilik ideyalarının yayılması istiqamətində mühüm işlər görüb, xeyriyyəçilik hərəkatına öncüllük edib, ömrünün sonuna qədər təhsil və maarifçilik sahəsində fəaliyyətini davam etdirib.
Müəllif həmçinin H.Zərdabi haqqında apardığı tədqiqatlardan bəhs edib, ərsəyə gətirdiyi kitab və qəzet məqalələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Çıxış edən Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli, Milli mətbuat tarixi kafedrasının professoru Qərənfil Quliyeva müəllifin çoxşaxəli fəaliyyətindən bəhs edib, onun apardığı tədqiqatların H.Zərdabinin irsinin daha dərindən öyrənilməsinə töhfə verdiyini vurğulayıblar.
Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev H.Zərdabi irsinə verdiyi dəyərə görə qonağa təşəkkürünü bildirib, belə görüşlərin tələbələrin hərtərəfli inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonda tələbələrin sualları cavablandırılıb. Müəllif imzalı kitablarını tələbələrə təqdim edib.