Hardan başlanır vətən: ordumuzun uğurlarından
“Hardan başlanır vətən?”- bu sual zaman-zaman məni çox düşündürüb. Amma xüsusilə son vaxtlar baş verən hadisələrdən sonra, deyəsən, cavabı tapmışam. Vətən cəbhə xəttindən başlayır...O cəbhə xəttindən ki, düşmən uzun illərdir, demək olar, hər gün atəşkəsi pozur? təxribatlar törədir. Özlərinə yaraşan kimi - hiyləgər və uğursuz...
Biz müharibə şəraitində yaşayan bir ölkə üçün hərbi-vətənpərvərlik ruhunun nə qədər vacib olduğunu zaman-zaman daha yaxşı başa düşür və həm də sevinir, hərbçilərimizlə fəxr edirik. 2016-cı ildə baş verən dörd günlük müharibəni-aprel döyüşlərini xatırlayın. Düşmən layiqli cavabı almadımı? Aldı. Biz mövqelərimizi irəli çəkmədikmi? Çəkdik. Lələtəpəni də azad etdik. İndi həmin yer Azərbaycan əsgərlərinin nəzarəti altındadır.
Dörd il sonra - təxminən iki ay əvvəl düşmən növbəti dəfə “qaşındı”. Bu dəfə Dağlıq Qarabağda yox, Tovuzda təxtibata cəhd göstərdi. Bəli, məhz cəhd göstərdi. Amma bacarmadı. Arzusu ürəyində qaldı. Zabit və əsgərlərimizin hünəri, şücaəti hesabına ermənilər geri otuzduruldu. Şəhidlər də verdik. “Vətən uğrunda ölən varsa Vətəndir”...
Bundan dərhal sonra qardaş Türkiyə on bir minlik qoşunla Azərbaycana gəldi. İki dövlət, bir millətin birgə təlimləri başladı...
Ermənistan baş naziri Nikol Paşinyan da şahmat dili ilə desək, artıq “mat” olduğunu etiraf edir. Bunun ən bariz nümunəsi düşmən ordusundakı demoqrafik böhran və muzdluların xidmətə cəlb edilməsi, könüllülərin imkanlarına ehtiyac duyulmasıdır...
Mən başqa bir məqama diqqət çəkmək istəyirəm. Bu, xalqımızın birliyi, həmrəyliyi, millətlə dövlət tandemidir. Hətta koronavirus pandemiyası kimi bəşəriyyət üçün ciddi təhlükənin olduğu bir vaxtda da insanlarımız onlara görə ən prioritet məsələnin Dağlıq Qarabağın azadlığı olduğunu isbatladılar. Keçirilən aksiya, çağırış məntəqələrinə könüllü müraciətlər bir yana, eyni zamanda, informasiya müharibəsində fəallığımızı göstərdik. Müxtəlif sosial şəbəkə platformalarında yazılar yazıldı, şəhidlərimizin fotoları, onlarla bağlı xatirələr paylaşıldı. Beləliklə, aparılan təbliğat sayəsində ayrı-ayrı fərdlərin yox, yaşından, cinsindən asılı olmayaraq hər kəsin-bütöv cəmiyyətimizin ürəyi cəbhədəki əsgərlərimizlə birlikdə döyündü.
Bəri başdan deyim ki, indi deyəcəklərim subyektivizm, tərəfkeşlik kimi başa düşülməmilidir. Amma hələ də davam etməkdə olan informasiya müharibəsində BDU-nun müəllim-tələbə kollektivinin fəal çalışdığı hiss edilirdi. Bu, bəlkə də, həmin ali məktəbin tarixi ənənələri ilə əlaqəlidir. Axı indiyədək istər Qarabağ müharibəsində, istərsə də ondan sonrakı dövrdə şəhid olanlar, veteranlar arasında xeyli sayda BDU məzunu var. Universitetin həyətində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidə də dediyimiz fikrin bariz nümunəsidir.
Haqqında danışdığımız hadisələrlə əlaqədər BDU-nun müəllim-tələbə kollektivi arasında Jurnalistika fakültəsi heyətinin daha fəal olması isə, yəqin ki, təəccüblü deyil. Axı informasiya ilə işləməyi, dezinformasiyalara qarşı mübarizə metodlarını ən yaxşı onlar bilirlər. Fakültənin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu, Yeni media və elektron kommunikasiya kafedrasının müdiri, professor Cahangir Məmmədli və başqaları, demək olar, hər gün sosial şəbəkələrdə, mediada çıxış edirlər. Onlar informasiya müharibəsində Azərbaycan tərəfinin imkanları, gördüyü işlərə dair fikirlərini bildirməklə yanaşı, həm də ordumuza dəstək məqsədli yazılar yazır, öz qələmləri ilə savaşırlar.
Əlbəttə, tələbələr də bu tendensiyadan, hərbçilərimizə dəstək kampaniyasından geri qalmadılar. Necə deyərlər, qələmlərini süngüyə çevirdilər. Fakültə yoldaşlarımız Günel Abbas, Qasım Xuluflu, Aləmdə Nəsib, Gülayə Məcid və onlarca başqaları şəhidlərimizin ruhlarının şad olmasından ötrü əllərindən gələni etdilər. Onların konkret mövzu ilə bağlı yazılarını nəinki sosial mediada, eləcə də, mətbuat orqanlarını da müntəzəm oxuyuruq. Məhz bunun sayəsində ermənilərin uydurduqları nağıllar, həmçinin miflər puç edilir.
Həmişəki kimi yenə də gələcəyə ümidlə baxır, məğrurluğumuzu qoruyuruq. Başqa cür davranışa, inamsızlığı, süstlüyə nə əsasımız var, nə də haqqımız. Şəhidlərimiz getdikləri yerdən bizə baxıb nə deyərlər?..
Bu günlərdə ehtiyatda olan polkovnik, müasir Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biri-Horadiz əməliyyatlarına rəhbərlik etmiş şəxs Şair Ramaldanovla danışırdım. Səsi həmişəkitək gümrah idi. Baş verən son hadisələrlə bağlı suallarıma ətraflı cavab verdi. Lap axırda özünəxas şəkildə əlavə etdi: “...Nə təhər deyərlər, mən bu gün də, bu yaşımda da döyüşə getməyə hazıram. Hər günümü sabah cəbhə xəttinə gedəcəkmişəm kimi yaşayıram. Lakin bilirəm ki, Azərbaycan ordusu itirilmiş torpaqlarımızı mənsiz də ala bilər və alacaq...”. Həmin sözləri çox qəribə intonasiya ilə dedi. Tarixi qələbəyə əminliyim birə beş artdı. İnanıram, o gün uzaqda deyil...Biz Dağlıq Qarabağa, Şuşaya, Laçına, Xocalıya və digər şəhər və rayonlarımıza qayıdacağıq. Lap deputat, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbasın ssenari müəllifi olduğu “Dolu” filminin son səhnəsindəki kimi. Həmin vaxt şəhidlərimizin ruhu da bizimlə birlikdə olacaq...
***
Mən BDU-nun Jurnalistika fakültəsinin magistrantıyam. Ötən dörd ili də burada oxumuşam. Dəfələrlə ən müxtəlif rayonlara səfərimiz olub. Hətta bir dəfə yuxarıda adını çəkdiyim hörmətli millət vəkilimiz Aqil müəllimin təşəbbüsü və rəhbərliyi ilə Qarabağa- Ağdam və Ağcabədiyə də getmişik. Fikrimcə, qarşıdakı iki il ərzində (magistratura pilləsinin təhsil müddəti) heç olmasa bir dəfə Dağlıq Qarabağa da gedə biiləcəyik. Səfərə də Cahangir Məmmədli ilə Aqil müəllim rəhbərlik edəcəklər. Elə bil, hər gün burada gəzirmişlər kimi, bizi ən görməli yerlərə aparacaq, əzbər bilirmişlər kimi, yolları göstərəcəklər...Ola bilsin, ekskursiya iştirakçılarından çoxu buna təəccüblənəcək. Halbuki onlardan hər ikisi 30 il əvvələdək boya başa çatdığı həmin yerlərə tez-tez gedirdilər...
Bəlkə də, nə vaxtsa Dağlıq Qarabağda, deyək ki, elə Şuşada Bakı Dövlət Universitetinin əzəmətli bir filalını da tikmək olar. Təəccüblü gəlməsin. Bu inamı məndə Azərbaycan dövlətinin uğurlu siyasəti, ordumuzun qüdrəti və insanlarımızın milli-vətənpərvərlik ruhu yaradıb...
Kənan Novruzov,
Jurnalistika fakültəsinin magistrantı