Gənclərin televiziyaya həvəsi məşhurlaşmaq istəyi ilə bağlıdır - Müsahibə
145 illik zaman kəsiyində Azərbaycan mətbuatı həm millilik, həm də peşəkarlıq baxımından öz mövqeyini ortaya qoya bilib. Ağır bir dönəmdə ziyalılarımız, publisistlərimiz bütün sevgiləri, gücləri ilə çalışıblar. “Əkinçi”nin nəşrə başladığı vaxt oxuyub-yazmağı bacaran adamları barmaqla sayılacaq qədər olan, bir nəfər də jurnalisti və poliqrafçısı olmayan Azərbaycan bu yubiley günlərində dünyanın ən müasir jurnalistika şəbəkəsi yaratmış ölkələri cərgəsindədir. Bunu Milli Mətbuatımızın 145 illik yubileyi ərəfəsində hafta.az-a müsahibəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu deyib.
Həmsöhbətimlə Azərbaycan mətbuatının mövcud durumu ilə bağlı bir çox məqamlardan danışdıq. Buyurun, siz də oxuyun.
- Mətbuatımızın yaranmasından artıq 145 il keçir. Çox çətinliklə, amma şərəflə başlanan bu tarixi yolu bu gün dövlətimiz, media nümayəndələrimiz layiqli davam etdirə bilirlərmi?
- Prezidentin imzaladığı sərəncam ölkəmizdə bu əlamətdar hadisənin dövlət səviyyəsində və ümummilli təntənələrlə qeyd edilməsinə start verib. Prezident sərəncamında qeyd edilmişdir ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etməyə başladığı “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız ədəbi dilimizin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermişdir. Azərbaycan jurnalistikası milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların yayılmasında səmərəli fəaliyyət göstərmişdir. Milli mətbuat və publisistikamızda formalaşdırılmış istiqlal məfkurəsi üzərində bərqərar olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə jurnalistikamız yeni inkişaf mərhələsinə qədəm qoymuş, müstəqil dövlət quruculuğu prosesində, istiqlal ideyalarının yayılmasında, milli-mənəvi dəyərlərin himayə edilib yaşadılmasında misilsiz rol oynamışdır. Mətbuat tariximizdən məlumdur ki, “Əkinçi”dən başlayaraq bütün nəşrlərimizdə məmləkətimizdə milli oyanışa təkan verilməsi, xalq təhsili və elmin inkişaf etdirilməsi yolu ilə mədəni yüksəlişə, hərtərəfli tərəqqiyə nail olunması başlıca hədəf kimi qarşıya qoyulmuşdur. Milli ziyalılarımızın mətbuat tribunasından səslənən çağırışları və əməli fəaliyyətləri ilə bu tarixi vəzifə zaman-zaman yüksək səviyyədə gerçəkləşdirilmişdir.
- 145 illik münasibətlə Bakı Dövlət Universitetində hansı tədbirlərin keçirlməsini planlaşdırırsınız?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2020-ci il tarixdə imzaladığı "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" sərəncama uyğun olaraq, iyulun 17-də Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi media nümayəndələri ilə birlikdə “Jurnalistikanın müasir problemləri” mövzusunda onlayn Beynəlxalq elmi konfrans keçirildi. Rusiyadan qonağımız oldu, Türkiyədən təmsilçimiz iştirak etdi. Media kapitanlarının iştirakı ilə canlı bir konfrans keçirildi. Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Cahangir Məmmədli "Yeni media zamanın çağırışları kontekstində", Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan təmsilçisi, Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli "Pandemiya dövründə medianın qlobal problemləri", "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Yazılı mətbuat və sosial şəbəkələr", Anadolu agentliyinin Orta Asiya və Qafqaz üzrə bölgə təmsilçisi Tolqa Özgenç "Pandemiya dönəmində Anadolu agentliyi və türk mediasının təsiri", Rusiya Xalqlar Dostluğu Universitetinin müəllimi Anar Həsənov "Jurnalistika, sosial media və pandemiya: gündəmin qlobal çağırışları", Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı "Pandemiya dövründə xarici və yerli medianın fəaliyyəti", Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Allahverdi Məmmədli "Elektron kütləvi informasiya vasitələrinin pandemiya şəraitində fəaliyyəti" mövzusunda çıxış etdlər. Çıxışlara diqqət etsəniz görərsiniz ki, jurnalistikanın problemləri barədə ciddi çıxışlar oldu. Əsasən iki istiqamətdə - informasiya müharibəsi və pandemiya dövründə medianın rolu mövzusunda maraqlı müzakirələr aparıldı. Bundan əlavə bu il ərzində bir sıra layihələr həyata keçirməyi planlaşdırırıq. Jurnalistika fakultəsinin məzunları olan ahıl jurnalistlərimizlə görüşlərin keçirilməsini planlaşdırırıq. Seminarların keçirilməsi istiqamətində maraqlı tədbirlərimiz olacaq. Biz həmçinin “Media könüllüləri - 145” üzvlərinin ilk onlayn görüşünü təşkil etmişik. Görüş zamanı ilkin olaraq Tovuzda şəhid olan qəhrəmanlarımız yad edilib. Layihənin ideya müəllifi, ASAN Radionun baş redaktoru İlkin Kərimov “Media könüllüləri” barədə qısa məlumat verib. O, müasir dövrdə jurnalistikada ixtisaslaşmanın, ayrı-ayrı sahələr üzrə peşəkar kadrların hazırlanmasının vacibliyini vurğulayıb. Bunun üçün də indidən hər bir tələbə-jurnalistin öz istiqamətini seçməsinin zəruriliyini qeyd edib. Bu ayın 22-də də maraqlı elanımız olacaq. Söz vermişəm ki, bunu hələ elan etməyim.
- Vüqar müəllim, maraqlıdır ki, jurnalistika fakültəsində təhsil alan gənc jurnalistlərimiz əsasən hansı istiqamətlərə yönəlirlər? Televiziya, radio, qəzet jurnalistikası - bunlardan hansı onların diqqətini çəkir?
- Mən özüm qəzet jurnalistikasından gəlmişəm. 1996-1997-ci illərdə yazı jurnalistikasına maraq var idi. Bu suala subiyektiv cavab verəcəyəm. Mən hesab edirəm ki, yazı jurnalistikası jurnalistikanın əsasıdır, təməlidir. Bugünkü gənclərin həvəsi isə televiziyayadır. Bunun da səbəbləri var. Bu səbəblərdən bəlkə də ən əsası məşhurlaşmaq, parlamaq faktoru ola bilər. Efirdə tanınmaq daha rahatdır. Yazıda imzanı tanıtmaq daha çətindir. Hazırda blogerlik və videoblogerliyə daha çox maraq yaranıb…
- Vurğuladınız ki, yazı jurnalistikası klassik olsa da, jurnalistikanın təməlidir. Media ekspertləri deyirlər ki, televiziya və onlayn media jurnalistlərinin yazı və publisistikası çox zəif olur. Jurnalistika fakültəsində oxuyan, televiziya seçimi edənlərdə bu problemin yaşanmaması üçün fakültə hansı işləri görür?
- Bizim tələbələrdə o problem çox da yaşanmır. Jurnalistika fakültəsində Nitq mədəniyyəti, Ədəbi redaktənin əsasları, Müasir Azərbaycan dili tədris olunur. Bu dörd il ərzində maksimum dərəcədə tələbələrimizin media bacarıqları və biliklərinin formalaşması üçün əlimizdən gələni edirik. Universitetdə “İstehsalat” qəzeti çap olunur. Yazı texnologiyalarının aşılanması baxımından tələbələrimizə bu imkanları yaradırıq. Bu gün Azərbaycan mediasında təmsil olunan jurnalistlərimzin hamısı jurnalistikadan gələnlər deyil. O mənada sözügedən problemlər müşahidə olunur. Əsasən də televiziya jurnalistikasında belə problem özünü göstərir. Xəbər portallarında çalışanlarda müəyyən mənada üslub axsamalarının şahidi oluruq. Fakültədə gənc jurnalistlərimizdə aşkar olunan belə qüsurlar olanda müəllimlərimiz o qüsurların aradan qaldırmağa çalışırlar.
- Son illər media inkişaf etdikcə dezinformasiya yayıcılarının sayı da artır. Bu, bəşəri və qlobal problemə çevrilib. Siz bu barədə nə düşünürsünüz, çıxış yolunu nədə görürsünüz?
- Jurnalistika fakültəsində informasiya təhlükəsizliyi fənni keçirilir. Həmçinin onlayn media, sosial media, yeni media texnologiyaları fənni tədris olunur. Maksimum dərəcədə internet medianın müsbət və mənfi tərəfləri barədə tələbələrimizi məlumatlandırırıq. Yeni media alətləri, informasiya müharibəsi, fake nyus kimi anlayışlar aşılanır. İstərdim ki, təkrar vurğulayım: bu gün mediada çalışanların çoxu jurnalistika fakültəsindən məzun olanlar deyil. İkinci hal odur ki, bu gün istənilən adam sayt yarada bilir, “Facebook”da şəxsi hesab yarada bilir. Sosial şəbəkələrdən də informasiyalar yayılır. Bir var vətəndaş jurnalistikası, bir də var peşəkar jurnalistika. Müasir texnologiyaların inkişafı elə bir hal yaratdı ki, istənilən adam informasiya yayımında bir tərəf-müqabili rolunu oynaya bilir. Eşitdiyi xəbərin doğruluğunu araşdırmadan, digər insanlara texnologiyanın köməyi ilə ötürə bilir, informasiya mübadiləsində iştirakçıya çevrilir. Bu zaman obyektivlik itir. Dezinformasiyalar, adətən, xəbər aclığı olanda yaranır. Boşluqdan istifadə edənlər öz mobil cihazı ilə tez bir zamanda xəbər yayımçısına çevrilir. Son günlər dezinformasiyaların ötürülməsinə şahid olduq.
- Yəqin ki, cəbhədə baş verən gərginlik zamanı yayılan xəbərləri nəzərdə tutursunuz. Bəs hərbi jurnalistlərin azlığının da buna təsiri ola bilərmi?
- Bizim kifayət qədər vərdişlərə yiyələnmiş, gənc hərbi jurnalistlərimiz var. Son günlər Ermənistan tərəfinin yaydığı xəbərlərin fake olmasını da aşkar edib, insanlarımıza çatdıran da elə peşəkar media nümayəndələrimiz oldu. O cümlədən də hərbi jurnalistlərimizin rolu burada çoxdur. İnformasiya müharibəsinin əsas məqsədi cəmiyyətdə çaşqınlıq, ümidsizlik yaratmaqdır. Erməni tərəfi də daim buna çalışır, amma istədiklərinə nail ola bilmirlər. Hərbi jurnalistika hazırda ən populyar olan sahələrdən biridir. Biz bir neçə il öncə bununla bağlı təlimlər də təşkil etmişdik, bu il də nəzərdə tutmuşduq. Pandemiya ilə əlaqədər bu işlər təxirə salınıb. Peşəkar hərbi jurnalistlərimizlə fakültədə görüşlər təşkil edirdik. Tələbələrimizin hərbi jurnalistikaya marağı çoxdur. Hədəfimiz var ki, yeni tədbir planına hərbi jurnalistika fənni daxil etməyi planlaşdırırıq.
Gənclərin televiziyaya həvəsi məşhurlaşmaq istəyi ilə bağlıdır