Əməkdar jurnalist Emin Musəvi ilə görüş keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində əməkdar jurnalist, "ASAN Radio"nun direktoru Emin Musəvi ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı Vüqar Zifəroğlu qonağı auditoriyaya təqdim edib və belə görüşlərin tələbələrin praktik cəhətdən inkişafında mühüm rol oynadığını nəzərə çatdırıb.
Emin Musəvi sahə üzrə fəaliyyət yolundan, radiojurnalistikadakı təcrübələrindən danışaraq tələbələrə müvafiq tövsiyələrini verib.
O, radiojurnalistikanın dinamikası, operativliyi və auditoriyaya təsir gücündən bəhs edib, bu sahədə çalışan jurnalistlərin həm yüksək diqqət, həm də sosial məsuliyyət daşıdığını vurğulayıb.
Habelə, tələbələrə bu peşədə uğur qazanmağın əsas şərtlərindən biri kimi daim yenilikləri izləməyi, nitq qabiliyyətini inkişaf etdirməyi və praktiki təcrübəyə önəm verməyi məsləhət görüb.
Qonaq eyni zamanda tələbələri “ASAN Radio” və “ASAN TV” də təcrübə keçmək və nəticədə iş imkanı əldə etmək üçün əməkdaşlığa dəvət edib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.