Əməkdar jurnalist Elçin Alıoğlu ilə görüş

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, əməkdar jurnalist, siyasi şərhçi Elçin Alıoğlu ilə tələbələrin görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı, professor Vüqar Zifəroğlu Elçin Alıoğlu barədə tələbələrə məlumat verərək onun jurnalistika sahəsindəki zəngin iş təcrübəsi və peşəkarlığından bəhs edib.
Daha sonra çıxış edən qonaq jurnalistikaya gəlmə səbəblərindən və bu sahədə əldə etdiyi təcrübələrdən danışıb. E.Alıoğlu medianın bugünkü vəziyyətini təhlil edərək, peşə etikası, obyektivlik prinsipi və jurnalistin ictimai məsuliyyəti mövzularına toxunub.
Elçin Alıoğlu informasiya müharibələrinin və dezinformasiya axınının gücləndiyi müasir dövrdə jurnalistlərin məsuliyyətini xüsusi vurğulayıb.
Əməkdar jurnalist həmçinin tələbələri davamlı olaraq öz üzərində çalışmağa, araşdırma qabiliyyətlərini inkişaf etdirməyə və medianın müasir çağırışlarına hazırlıqlı olmağa çağırıb.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.