Hüseyn Cavidin doğum günü ilə əlaqədar "Radioda praktik iş" fənnindən seminar
Hüseyn Cavidin doğum günü ilə əlaqədar Jurnalistika fakültəsinin "Radioda praktik iş" fənnində filologiya elmləri doktoru Sevil Həsənovanın rəhbərliyi ilə elmi seminar baş tutub.
Seminarda tələbələrlə yanaşı Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri doktoru Allahverdi Məmmədli, elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, kafedranın müəllimləri Əli Hacıyev, Sevinc Məmmədova, Zülfiyyə Eldarqızı iştirak ediblər.
Çıxışını H.Cavidin şeiri ilə başladıb, şeir ilə bitirən Sevil Həsənova sözügedən şəxs barəsində danışaraq, həmçinin, onun publisistikasından da söz açıb. "Hüseyn Cavid bu gün də xalqımız tərəfindən sevilə-sevilə yad edilir. Onun dedikləri, yazdıqları, əsərlərindən alınan tərbiyəvi nəticələr gənclərin mənəvi cəhətdən zəngin, əxlaq cəhətdən saf, fiziki cəhətdən kamil böyüməsində mühim rol oynayır. H.Cavid xalq adət-ənənələrinə, milli əxlaqa dərin hörmətlə yanaşan, hümanist hisslərlə zəngin olan sənətkardır".
Tədbirdə Allahverdi Məmmədli, Qulu Məhərrəmli və Zülfüyyə Eldarqızı H.Cavidlə bağlı çıxış edərək seminar haqqında öz fikirlərini bildiriblər. Bununla yanaşı tələbələr də H.Cavidin şeirlərini səsləndirib.
Qeyd edək ki, Sevil Həsənova H.Cavidin publisistikası ilə bağlı "Cavidin ədəbi-bədii irsi mətbuatda" adlı monoqrafiyasını müəllim və tələbələrə təqdim edib. Monoqrafiya Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunub. Bununla əlaqədar "iki əbədiyyat" adlı radio verilişinin də elmi seminarda təqdimatı olub.