Elmi seminar
Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Fidan Talıblının elmi seminarı keçirilib. Seminarı giriş sözü ilə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova açaraq kafedranın doktorantı Fidan Talıblı haqqında məlumat verib.
Doktorant “Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına dair Böyük Britaniyanın mövqeyi” mövzusu ilə çıxış edib. Bildirib ki, Qarabağ müharibəsi dünyanın aparıcı mediasında mühüm yer tutur və aktual araşdırma mövzusudur. II Qarabağ müharibəsinin işıqlandırılmasına xüsusi diqqət yetirən ölkələrdən biri də Böyük Britaniyadır. Eyni zamanda, 44 gün ərzində baş verən hadisələrin təhlili, II Qarabağ müharibəsinin nəticələri və Böyük Britaniyanın mövqeyi göstərilir. F.Talıbı qeyd edib ki, Erməni lobbisinin İngiltərədə heç vaxt siyasi əhəmiyyəti olmayıb və bu münasibətlə İngiltərə bəzi Qərb dövlətləri və Rusiyadan fərqli olaraq Dağlıq Qarabağ münaqişəsində praqmatik mövqe nümayiş etdirib. Bundan əlavə, Azərbaycan ilə İngiltərə arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Böyük Britaniya parlamentinə təqdim olunan xarici siyasət və təhlükəsizlik hesabatında bu formada ifadənin yer alması əbəs deyil. Britaniyanın iqtisadi və siyasi maraqlarını nəzərə alsaq, bu ölkənin Dağlıq Qarabağ münasibətlərində marağı var.
Diskussiya şəraitində keçən elmi seminarda Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova, siyasi elmlər doktoru Sabir Məmmədli, dosentlər Pərvanə İbrahimova, Vəfa İsgəndərova, Aytəkin Zeynalova doktorantın mövzu ilə bağlı hazırlığını yüksək qiymətləndirərək, elmi işlərində uğurlar arzulayıblar.