Elmi seminar
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı və saathesabı müəllimi Səbinə İzzətlinin “Yeni media mühitində jurnalist kontentinə verilən tələblər” mövzusunda elmi seminarı keçirilib.
Giriş sözü ilə çıxış edən kafedra müdiri, dosent Xatirə Hüseynova doktorantı təqdim edib, elmi seminarın mövzusu ilə bağlı iştirakçıları məlumatlandırıb.
Məruzəçi çıxış edərək mediadaxili çevriliş adlandırılan konvergensiya prosesində texnoloji yeniliklərin jurnalistin məzmununa təsiri məsələlərinə toxunub. Bu inkişafın müsbət təsirləri ilə yanaşı, riskləri də vurğulayıb. Doktorant çıxışında bildirib ki, rəqəmsal media platformaları jurnalistikaya yeni yayım formatları gətirib ki, bu da yenə birbaşa jurnalistin istehsal etdiyi məzmuna təsir göstərir. Dəyişən jurnalistikanın təməl prinsipləri deyil, kontentin özüdür. Texnoloji yeniliklər jurnalistikanın irəliləməsinə, peşə olaraq varlığını qorumasına kömək etsə də, bəzən təməl prinsiplər unudulur, incə cizgi adlandırılan faktlılıq arxa plana keçir və saxta kontent gündəmə gəlmiş olur.
Doktorant Səbinə İzzətli həmçinin yeni media mühitində kontentlə bağlı mövcud proqnozları da diqqətə çatdırıb.
Seminarda elmi işlər üzrə dekan müavini dosent Sevinc Əliyeva, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri dosent Aynur Nəsirova, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin əməkdaşı Məleykə Rzayeva, müəllimlərdən professor Cahangir Məmmədli, professor Akif Rüstəmov, professor Sabir Məmmədli, dosent Zaur Babayev, Esmira Rövşənova, Diləfruz Şahbazova, Aygün Qurbanlı, Xumar Cəfərova iştirak ediblər.
Elmi seminarda müəllimlərin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb. Məruzədən sonra çıxış edənlər doktorantın mövzu ilə bağlı hazırlığını yüksək qiymətləndirərək, elmi işlərində uğur arzulayıblar.