Elmi seminar
Mili mətbuat tarixi kafedrasının doktorantı Nuranə Həsənovanın “Müstəqillik ərəfəsində Azərbaycan mətbuatında tarixi köklərə qayıdış” mövzusunda elmi seminarı keçirilib.
Giriş sözü ilə çıxış edən elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva doktorantın özü və elmi işi ilə bağlı seminar iştirakçılarını məlumatlandırıb.
N.Həsənova “Müstəqillik ərəfəsində Azərbaycan mətbuatında tarixi köklərə qayıdış” mövzusu ilə çıxış edib. O, müstəqliik uğrunda mübarizə dövrünün mətbuatında tarixi köklərə qayıdış, milli-mənəvi, ədəbi dəyərlərin bərpası məsələlərinə yer verilməsi barədə məlumatlara nəzər yetirildiyini bildirib. Bu dönəmdə fəaliyyət göstərən “Aydınlıq”, “Azadlıq”, “Vətən səsi”, “Odlar yurdu”, “Azərbaycan”, “Meydan” kimi mətbu orqanların nəşrə başlayandan sonra öz səhifələrində milli şüur, birlik, müstəqillik ideyalarını təbliğ etməsi və xalqa təsirinin şərh olunduğunu qeyd edib.
Məruzəçi dövrün əsas məlumat mənbəyinə çevrilən həmin qəzetlərin sovet jurnalistika ənənələrindən uzaqlaşaraq müstəqillik uğrunda mübarizə yolunda xalqı milli dəyərlərinə qayıdışına səfərbər etməsi məsələlərinə də nəzər yetirildiyini diqqətə çatdırıb.
Seminarda Milli mətbuat tarixi kafedrasının müdiri prof.Cahangir Məmmədli, prof. Nəsiman Yaqublu, dosentlər Sima Rəhimova, Qərənfil Quliyeva, Aygün Əzimova, müəllimlərdən Samir Mirzəyev, Günay Məmmədova, Jurnalistika ETL-in müdiri Aytəkin Zeynalova iştirak ediblər.
Çıxış edənlər məruzəçinin mövzu ilə bağlı hazırlığını yüksək qiymətləndirərək, elmi işlərində uğurlar arzulayıblar.
Elmi seminar mövzu ilə bağlı maraq doğuran sualların cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, doktorant Nuranə Həsənovanın elmi rəhbəri Milli mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqubludur.