Jurnalistika fakültəsində elmi seminar
Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Şahnaz Abdullayevanın elmi seminarı keçirilib. Seminarı giriş sözü ilə elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva açaraq kafedranın doktorantı Şahnaz Abdullayeva haqqında məlumat verib.
Doktorant “Beynəlxalq informasiya mübadiləsi prosesində xəbər agentliklərinin rolu” mövzusu ilə çıxış edib. Bildirib ki, müasir dövrdə informasiyaya təlabat digər dövrlərlə müqayisədə çox artıb. İnformasiya bazarının istehsalçıları bu tələbatı ödəmək üçün ən müasir texnologiyalardan və texniki vasitələrdən istifadə etməklə yeni yollar axtarırlar. Bu qlobal prosesdə xəbər agentliklərinin öz yeri və rolu var. Kommunikasiya proseslərinin zənginləşməsinə, internet şəbəkəsinin imkanlarına, məlumat mənbələrinin çoxalmasına baxmayaraq informasiya agentlikləri ən etibarlı informasiya mənbələrindən biridir.
Ş.Abdullayeva informasiya agentliklərinin iş prinsipləri, onların beynəlxalq informasiya mübadiləsi prosesində iştirakına dissertasiya işində geniş yer verdiyini elmi seminar iştirakçılarının diqqətinə çatdırıb.
Diskussiya şəraitində keçən elmi seminarda dekan Vüqar Əliyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova, professor Həmid Vəliyev, siyasi elmlər doktoru Sabir Məmmədli, dosentlər Pərvanə İbrahimova, Vəfa İsgəndərova, Aytəkin Zeynalova doktorantın mövzu ilə bağlı hazırlığını yüksək qiymətləndirərək, elmi işlərində uğurlar arzulayıblar.