Elmi seminar
Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında elmi seminar keçirilib. Seminarı giriş sözü ilə elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva açaraq kafedranın doktorantı Şahnaz Abdullayeva haqqında məlumat verib.
Doktorant “30 illik işğal dövründə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vandalizmin KİV-də işıqlandırılması” mövzusu ilə çıxış edib. Bildirib ki, Birinci Qarabağ müharibəsi dövründə ermənilər tarixi Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər. 30 ilə yaxın davam edən işğal dövründə ermənilər torpaqlarımızda vandalizm aktları törətdilər. Azərbaycanın dini, tarixi, mədəni abidələrini vəhşiliklə dağıtdılar. Nəhayət, 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti ilə Zəfərlə başa çatdı və torpaqlarımız işğaldan azad olundu.
Ş.Abdullayeva 30 illik işğal dövründə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vandalizm aktlarının yerli və xarici KİV-də işıqlandırılması məsələlərinə dissertasiya işində geniş yer verdiyini elmi seminar iştirakçılarının diqqətinə çatdırıb.
Diskussiya şəraitində keçən elmi seminarda Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru Həmid Vəliyev, siyasi elmlər doktoru Sabir Məmmədli, dosent Aytəkin Zeynalova doktorantın mövzu ilə bağlı hazırlığını yüksək qiymətləndirərək, elmi işlərində uğurlar arzulayıblar.