Elmi seminar
Fevralın 23-də Jurnalistika fakültəsi Multimedia və elektron kommunikasiya kafedrasının doktorantı Sevinc Tofiq qızı Məmmədovanın elmi seminarı keçirilib.
“Qloballaşan informasiya məkanında auditoriya ilə qarşılıqlı münasibət” mövzusunda təqdimat edən S.Məmmədova bildirib ki, qloballaşma dünyada, o cümlədən inkişafda olan ölkələrdə mədəni proseslərin axınını gücləndirir. Yeni texnologiyaların inkişaf etdiyi şəraitdə milli mədəniyyətin inkişafı, media auditoriyasının formalaşması diqqət çəkən məsələlərdəndir.
Mövzunun araşdırılmasında doktorant media auditoriyası, sosial-mədəni inkişaf proseslərini əks etdirən xüsusi sosial-kommunikativ icma kimi, cəmiyyət və media ilə birgə inkişafı, media məkanında kütləvi kommunikasiya vasitələrinin təhlilinə də diqqət yetirib.
Seminarda dekan müavinləri Sevinc Əliyeva, Samir Mirzəyev, kafedra müdiri, professor Allahverdi Məmmədli, professor Qulu Məhərrəmli, müəllimlərdən Sevil Həsənova, Aynur Nəsirova, Arzu İsayeva, Zibeydə Mirzəyeva iştirak ediblər.
A.Məmmədli, Q.Məhərrəmli, S.Əliyeva məruzə mövzusunun aktuallığını, media auditoriyasının cəmiyyət ilə qarşılıqlı inkişafını qeyd ediblər, məruzə ilə bağlı müsbət fikirlərini və tövsiyələrini bildiriblər.