“Dünya ictimai yayım sisteminin inkişaf tendensiyaları” mövzusunda ustad dərsi keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş növbəti ustad dərsi keçirilib.
Tədbirin məruzəçisi tanınmış media mütəxəssisi, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli olub.
“Dünya ictimai yayım sisteminin inkişaf tendensiyaları” mövzusunda təşkil edilən ustad dərsində ictimai yayımın qlobal informasiya mühitində rolu, etimad institutu kimi formalaşması, beynəlxalq təcrübə və müasir çağırışlar geniş şəkildə təhlil edilib.
Məruzəçi ictimai yayımın fəlsəfəsi, əsas fəaliyyət prinsipləri, proqram formatları və verilən tələblər barəsində danışaraq, cəmiyyət üçün strateji əhəmiyyətindən, bu yayım növünün peşəkar jurnalistikanın qorunmasında oynadığı roldan da bəhs edib. Professorun dünya ictimai yayım qurumlarının (BBC, ZDF, CSPN və s.) təcrübəsindən gətirdiyi nümunələr xüsusi marağa səbəb olub.
Dərsin gedişində tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ustad dərsi tələbələrin nəzəri biliklərinin dərinləşdirilməsi, ictimai yayım sahəsində müasir yanaşmaların öyrənilməsi və peşəkar baxışlarının formalaşması baxımından maraqla qarşılanıb.