Dos. Qərənfil Quliyevanın müdafiəsi keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Bakı Dövlət Universiteti Jurnalistika fakultəsinin Milli mətbuat tarixi kafedrasının dosenti, kafedranın doktorantı Qərənfil Quliyevanın filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000-ci illər)” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib.
Müdafiə Şurasının sədri, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü Muxtar İmanov iddiaçının Müdafiə Şurasına təqdim etdiyi dissertasiya işi haqqında məlumat verib. İddiaçının həyat və yaradıcılığı haqqında Müdafiə Şurasının elmi katibi Afaq Ramazanova danışıb.
Sonra iddiaçı Qərənfil Quliyeva “Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000-ci illər)” mövzusunda dissertasiya işini yazmaqda məqsədini, araşdırmalarının metodoloji əsaslarını, təhlil və tədqiqatları ilə gəldiyi elmi nəticələri diqqətə çatdırıb.
Opponentlər – filologiya üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli, filologiya üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Qulu Məhərrəmli, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-in sədri, filologiya elmlər doktoru Rövşən Məmmədov dissertasiya işinə rəsmi rəylərini bildiriblər.
İddiaçı Qərənfil Quliyeva iradlara münasibət bildirib və Müdafiə Şurası üzvlərinin suallarını cavablandırıb.
Filologiya üzrə elmlər doktoru, professor Allahverdi Məmmədli, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli, filologiya üzrə elmlər doktoru Abid Tahirli və digər Şura üzvləri dissertasiya işi barədə fikirlərini bölüşüblər.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, professoru Akif Rüstəmov, dosenti Zaur Babayev Müdafiə Şurasının üzvü olaraq iclasda iştirak ediblər.
AMEA Folklor İnstitutu Müdafiə Şurasının yekdil qərarı ilə Qərənfil Quliyeva filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almağa layiq görülüb.