Dosent Aygün Əzimovanın məqaləsi "Azərbaycan" qəzetinin 10000-ci buraxılışında

Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimovanın məqaləsi “Azərbaycan” qəzetinin 10000-ci buraxılışında dərc olunub.
Məqalədə 1918–1920-ci illərdə nəşr olunan “Azərbaycan” qəzetinin milli ordu quruculuğu prosesinə təsiri elmi əsaslarla təhlil edilir və mətbuatın dövlətçilik yolunda oynadığı strateji rolu üzə çıxarılır. Tədqiqat göstərir ki, qəzet “Hərbi Mükəlləfiyyət Haqqında Müvəqqəti Qanun”un qəbulunda, Hərbi Nazirliyin təşkili və çağırış -səfərbərlik işlərinin sistemləşdirilməsində cəmiyyət üçün mühüm informasiya mənbəyi olmuşdur. Qəzetin yaydığı milli ruh, vətənpərvərlik çağırışları və birgə müdafiə ideyası ordu quruculuğunun mənəvi dayaqlarının möhkəmlənməsinə əhəmiyyətli təsir göstərmişdir. Bununla yanaşı, əvvəlki hakimiyyət dövründən miras qalmış nizamsızlıq, təcrübəsizlik və maddi çatışmazlıqlar prosesin davamlı inkişafına ciddi maneələr kimi dəyərləndirilir.
Araşdırma sübut edir ki, qəzetin publisistik fəaliyyəti könüllü qoşulmanı artırmış, milli zabit heyətinin yetişdirilməsi və hərbi idarəçiliyin təşkili baxımından önəmli dəstək yaratmışdır. “Azərbaycan” qəzetinin mövqeyi milli ordunun hüquqi, təşkilati və ideoloji əsaslarının formalaşmasına tarixi töhfə verib.