Doktorantlar beynəlxalq elmi simpoziumda
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin doktorantları Səbinə İzzətli və Şahnaz Abdullayeva “Çanaqqaladan Qarabağa Türkün Zəfəri” adlı beynəlxalq elmi simpoziumda iştirak edib.
Fakültənin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Səbinə İzzətli “2-ci Qarabağ müharibəsi Qərb mediasında: saxta xəbər və kontent doğrulama problemi” elmi məruzəsi ilə çıxış edib.
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Şahnaz Abdullayeva isə “II Karabağ savaşı sırasında Gence’ye düzenlenen balistik füze saldırılarının uluslararası basında yansıtılma biçimi” elmi məruzəsi ilə simpoziuma qatılıb.
Simpoziumda 8 fərqli sessiyada ayrı-ayrı elm sahələrinin aktual problemlərinə həsr olunmuş 150-dən çox elmi məruzə təqdim olunub.
44 günlük İkinci Qarabağ savaşına – Vətən müharibəsinə həsr olunmuş simpozium Azərbaycan, Türkiyə, Özbəkistan, Ukrayna, İsveç və Polşadan olan nümayəndələrin iştirakı ilə təşkil olunub.
26 noyabr 2022-ci ildə Türkiyədə, Qars-Əskişəhərdə onlayn keçirilən elmi görüş Beynəlxalq Elm-Təhsil Mərkəzinin, Qars Qafqaz Universitetinin (Türkiyə), Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun, Əskişəhər Azərbaycanlılar Dərnəyinin, Dünya Azərbaycanlıları Platformunun (Ankara), Turan Elçiləri Təşkilatının (Konya) və Naxçıvan Universitetinin təşkilatçılığı ilə gerçəkləşib.